Qadin.NET / Milli Şura bəhanə idi?

Milli Şura bəhanə idi?

 

Bu təşkilatın funksionerləri gizli qruplarda tərəfdarlarına Müsavata qarşı təlimat verir; İkram İsrafil Əli Kərimlinin müavinini debata çağırdı və xəbərdarlıq etdi: “...ağıllarını başlarına yığsınlar”; sabiq Cəbhə funksionerindən isə cavab gəldi: “Bilirəm ki, bunu açıqlasam, nələr baş verəcək...”Müsavat Partiyası Milli Şuranı tərk etdikdən sonra AXCP-nin başlatdığı qəzəbli və qərəzli kampaniya hər gün daha da şiddətlənir. Açıq mediada Müsavata qarşı kampaniya aparan AXCP sosial şəbəkələrdə üzv və tərəfdarlarını sözün həqiqi mənasında səfərbər edib. AXCP qırğılarından və Əli Kərimlinin ən yaxın adamlarından sayılan Əbülfəz Qurbanlı onların tərəfdarlarına aid gizli qruplarda (facebook) xüsusi təlimatlarla çıxış edir.O bildirir ki, Müsavat başqanı İsa Qəmbəri, Arif Hacılını, Müsavat funksionerlərini və “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunu üzdən-gözdən salana qədər əks-təbliğatı davam etdirsinlər. Sitat: “İndi sizlər də haqqın tərəfdarı kimi bu işdə bizə dəstək olmalısız. Bu adamların (İsa Qəmbər, Rauf Arifoğlu və Müsavat funksionerləri-red.) maskası bütün küll-aləmin qarşısında məhv olana qədər. Yoxsa yazmayın ki, gedib öz təşkilatımda olacam, qarışmayacam və s.” (“Qərargah” adlanan bu qapalı qrupun üzvləri arasında olan yazışmalar əlimizdə var - redaksiya).Müsavat Partiyası xoş məram göstərib özünə yönəlik hücumlara cavab verməyə moratorium qoysa da, qərarını əsaslandırsa da, görünür, bu, böhtançıları daha da şirnikləndirib. 

Məsələn, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı teleqraf.com-a açıqlamasında Müsavatın moratoriumunu “qeyri-səmimiliyin və arqumentsizliyin göstəricisi” adlandıraraq deyib: “İnsanlar Müsavat Partiyasından soruşurlar ki, durub-dururkən, heç bir əsas olmadan niyə Milli Şuranı tərk etdin, Cəmil Həsənlini meydanda buraxıb çəkildin? Bu suallara cavab verməyə arqument tapa bilmədikləri üçün deyirlər ki, biz birtərəfli qaydada susuruq. Nə zamandan polemikada iştirak etmək qəbahət sayılıb? Əslində Müsavat rəsmilərinin verə bilmədikləri cavabı ”Yeni Müsavat" qəzeti verib və qərarın əsl məqsədini deşifrə edib. Qəzet yazır ki, “Müsavat başqanı həm də görür ki, Əli Kərimli ilə hakimiyyətə gəlmək (mandat almaq) mümkün deyil”. Demək, 2015 seçkilərində mandat almaq üçün Əli Kərimlinin, Cəmil Həsənlinin olduğu qurumu tərk etmək, “konstruktiv” olmaq gərəkdir".Müsavatın gərginliyi daha da artırmamaq naminə atdığı addıma AXCP-dən bu cür münasibət göstərilməsini müsavatçılar təəssüflə qarşılayıblar. Müsavat Divanının üzvü İkram İsrafil bizimlə söhbətdə bildirdi ki, təmsil olunduğu partiyanın moratorium qərarı iki təşkilat funksionerləri arasındakı polemikanın son dərəcə arzuolunmaz müstəviyə keçməsinin qarşısını almaq üçündür: “Bunu Müsavatın arqumentsizliyi kimi qəbul etmək tam absurddur. AXCP-nin Müsavata qarşı qərəzli münasibəti moratorium qərarımıza göstərdikləri münasibətdə bir daha ortaya çıxdı. Mən şəxsən Fuad Qəhrəmanlını harada istəyir orada debata dəvət edirəm. Müsavatı arqumentsizlikdə ittiham edən Fuad Qəhrəmanlıya Müsavatın arqumentlərini bir-bir deməyə hazıram. Mən sübut edərəm ki, əslində kimin arqumenti daha çoxdur və tutarlıdır. Mən onlara böhtanla yox, arqumentlə cavab verməyə hazıram. Baş tutsa, Fuad Qəhrəmanlıya debatda 2000-ci il parlament seçkilərindəki dəhşətli bir mənzərəni göstərəcəyəm. Ola bilsin ki, 2000-ci ildə Fuad Qəhrəmanlı hələ o proseslərdə iştirak etmək imkanında olmayıb. Haqqında söhbət etdiyim mənzərəni Fuad Qəhrəmanlıya göstərsəm, görəcək ki, Müsavatın necə arqumentləri var”.İkram İsrafil AXCP sədri Əli Kərimlinin facebook-da ad çəkmədən Müsavatın bostanına daş atıb, bu partiyanı Milli Şuranı yarı yolda buraxmaqda ittiham etməsinə də münasibət bildirib. Deyib ki, Müsavat bərpa olunandan bu günədək apardığı siyasət Azərbaycan ictimaiyyətinə bəllidir: “Məhz dürüst siyasətin nəticəsidir ki, Müsavat zaman-zaman keçirilən seçkilərdə xalqın ən çox səs verdiyi partiya olub. Yaddan çıxarmasınlar ki, hər kəsin seçkilərdə iştirakı ilə bağlı nəticələri göz qabağında olub. Müsavat həmişə ardıcıl, müttəfiqə xəyanətdən uzaq siyasət aparıb. Müsavata xalq arasında xüsusi simpatiyanın olmasında həm də bu dayanır”. Müsavat başqanının müavini Gülağa Aslanlı isə bildirdi ki, Müsavat Partiyası AXCP-ni özünə rəqib görmür və AXCP ilə mübarizə aparmaq fikrindən çox uzaqdır: “AXCP rəhbərliyində olan adamların Müsavat Partiyasına açıq şər və böhtan atması siyasi naşılıqdır.  İsa Qəmbər 1993-dən indiyə kimi parlamentdə əyləşməyib, bu faktdır. Məncə, fikrim aydındır”.“İstəmirik ki, müxalifət daxilində nə danışdığını bilməyən bəzi adamlara görə qarşıdurma olsun. Enerjini belə şeylərə sərf etməyə lüzum görmürük. Müsavat Partiyasına qarşı həyasızcasına atılmış böhtanlara baxmayaraq, partiya birtərəfli moratorium qərarı qəbul etdi”. Bunu isə Müsavat Divanının üzvü Tural Abbaslı modern.az-a deyib. O bildirib ki, partiyanın bu addımı demokratik qüvvələrin maraqlarına xidmət edir: “Dostlarımız ağıllarını başlarına yığsınlar, o zaman görəcəklər ki, enerjini belə şeylərə sərf etmək doğru deyil. Müsavata olunan hücumlar Milli Şura ilə bağlı deyil. Milli Şura, sadəcə, bəhanə oldu. Əvvəlcədən bəlli idi ki, Müsavatın Milli Şuradan ayrılmaq fikri var. Dəfələrlə demişdik ki, Milli Şura missiyasını başa vurmuş qurumdur. Partiyanın şər və böhtanlara cavab verməməklə bağlı qərarı var. Amma hamımız insanıq, şəxsən öz adımdan deyirəm, bilmirəm, moratoriuma əməl edəcəyəm, ya yox. Səbrin də sərhədi olur, həyasızlıq qarşısında susmaya bilərəm”. Tural Abbaslı qeyd edib ki, Müsavatın cavab verə bilməyəcəyi sual yoxdur: “Məsələləri hərə öz arşını ilə ölçür. Partiya atdığı addımların arxasında durur”. 9 oktyabr seçkilərindən bir neçə gün əvvəl Milli Şuradan və AXCP-dən istefa verən Asəf Quliyev isə moderator.az-a müsahibəsində Müsavatın Milli Şuradan getməkdə bir qədər gecikdiyini deyib: “Nəinki indi, seçkiöncəsi baş verən proseslər də göstərirdi ki, Milli Şura uzun müddət yaşaya bilməz və Müsavatla AXCP arasındakı ziddiyyətlər sonda bu cür dağılmaya gətirib çıxaracaq. Mən hətta seçkiyə bir ay qalmış da bilirdim ki, Milli Şurada bu cür proseslər yaşanacaq. Təbii ki, Müsavatın Milli Şuradan ayrılması çoxları üçün gözlənilməz olduğundan çoxsaylı fərziyyələr, iddia və fikirlər dilə gətirilir. Amma məncə, məsələyə tamam başqa prizmadan yanaşmaq lazımdır. Son 20 ildə baş verən proseslərə nəzər saldıqda aydınca görünür ki, qeyri-səmimi təməllər üzərində qurulan bu birliklərin heç bir effekti olmayıb. Ona görə də, məncə, Müsavat və AXCP funksionerləri bir-birini ittiham etməkdənsə bir yerdə olmağın mümkünsüzlüyünü qəbul edərək ayrı-ayrılıqda mübarizə aparmağın sivil yollarını işləyib həyata keçirməlidirlər”.Sabiq AXCP funksionerinin sözlərinə görə, Milli Şuranın dağılma prosesi seçkidən dərhal sonra başlayıb və Lalə Şövkətlə Rəsul Quliyevin, digər partiya funksionerlərinin açıqlamaları bu prosesin başlanğıcını qoyub: “Amma bu, bir reallıqdır ki, dağılma məhz Azərbaycanda mövcud olan iki güclü müxalifət partiyalarından birinin qurumu tərk etməsiylə daha qabarıq nəzərə çarpmalıydı və elə belə də oldu. Yəni Müsavatla AXCP-dən ikisindən birinin kənara çəkilməsi istənilən siyasi bloku və ya birliyi seytnot vəziyyətinə salır”. Quliyev Müsavatla AXCP arasında ziddiyyətlərin kökünün haradan və nədən qaynaqlanmasını təfərrüatı ilə bildiyini, lakin açıb indiki məqamda yeni gərginlik ocağı yaratmağa lüzum görmədiyini də vurğulayıb. AXCP-nin və onun peyklərinin bütün arsenalı ilə Müsavata qarşı müharibə apardığı bir zamanda Milli Şuranın qurucu üzvlərindən biri - Zəfər Quliyev bu qurumdan istefa verməsi ilə bağlı bəyanat yaydı. Öz hərəkətini bu birlikdə qalmağın mənasızlığı ilə əsaslandıran Z. Quliyevin ardınca EL hərəkatının əksər üzvlərinin də Milli Şuranı tərk edəcəyi gözlənilir. Bu durum AXCP-çilərin Müsavata qarşı quralsız müharibəsini mənasızlaşdırır.

Mənbə: Milli.Az

10 yanvar 2014
GO BACK