Şəhərimizin müxtəlif yerlərində hər birimizin şahid olduğu bir hal yaranıb. Yeraltı klublar, mağazalar və bu kimi başqa obyektlər şəhər sakinlərinin narahatlığına səbəb olur. Əsas səbəb isə bu cür obyektlərin qarşısında yaradılan giriş-çıxışlardır. Hər birinin qabağında yaradılan özünəməxsus dizayn piyadalara maneə törədərək, onların məcburən yollarını dəyişmələrinə və yaxud da səkidən çıxaraq maşın yolu ilə getmələrinə səbəb olur. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Milli.Az-a açıqlama verib: "Biz özümüz də bunun şahidi olmuşuq. Ancaq bu hal ilə bağlı konkret olaraq şikayətçi öz şikayət ərizəsi ilə hansısa bir yerdən və yaxud sahədən Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinə müraciət edərsə, biz də bununla məşğul olarıq. Şikayətçi öz ərizəsində obyektin istismar qaydalarının pozulmasını göstərə bilər. Bu şikayət onsuz da bizə gəlib çatacaq və biz də əlimizdən gələn bütün yardımı göstərə biləcəyik", - Bağırov bildirib.
Mənbə: Milli.Az