Son günlərdə adı qalmaqallarda hallanan ölkənin bir nömrəli əlcək sahibiKamran Ağayevin yeni klubu müəyyənləşmək üzrədir. Futbolinfo.az xəbər verir ki, "Bakı"nın transferə çıxardığı Ağayev çempionluğa iddialı olan "Qəbələ" ilə anlaşmağa çox yaxındı."Bakı"nın baş məşqçisi Milinko Pantiçlə dalaşdıqdan sonra transferə çıxarılan Kamran Ağayevin xidmətində "Qəbələ"nin maraqlı olduğunu xəbər vermişdik. Klubun rusiyalı baş məşqçisi Yuri Syomin də Kamranın transferində israrlıdı. Belə ki, komandanın heyətində çıxış edən qapıçılardan ikisi legionerdi. Topaz Premyer Liqasında legioner futbolçu limiti olduğundan Syomin heyəti formalaşdırmaqda çətinlik çəkir. Üstəlik, komandanın braziliyalı qapıçısı Dieqo Koştanın da zədəli olduğunu nəzərə alsaq, bu transferin gerçəkləşməsi real görünür. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq tərəflər arasında razılıq əldə olunub. Ağayev yaxın günlərdə "Qəbələ" ilə 2 illik müqaviləyə imza atacaq.Qeyd edək ki, Kamran Ağayev "Bakı"ya da qalmaqallı şəkildə "Xəzər Lənkəran"dan keçmişdi.
Mənbə: Milli.Az