2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə keçiriləcək. Lent.Az-ın «BBC»-yə istinadən məlumatına görə, FİFA-nın baş katibi Jer Valke bildirib ki, oyunlar ənənəvi olaraq, yayda keçirilməyəcək. Buna səbəb kimi yayda Qətərdə havasının 40 dərəcədən artıq isti olması göstərilib. Yekun qərar 2014-cü ildə futbol üzrə Braziliyada keçiriləcək dünya birinciliyindən sonra elan olunacaq. Fransa televiziyasına müsahibəsində baş katib deyib: «Qətərdə dünya çempionatı iyun-iyulda keçirilməyəcək. Fikrimcə, oyunlar noyabrın 15 ilə yanvarın 15 arasında keçirilə bilər. Bu dövrdə ideal hava şəraiti olur». Ötən ilin oktyabrında FİFA-nın İcraiyyə Komitəsi məsələnin həlli ilə bağlı özəl komissiya yaratmışdı.
Mənbə: Lent.Az