Qadin.NET / Yalnız özünü düşünənlərin sümürdüyü məmləkət

Yalnız özünü düşünənlərin sümürdüyü məmləkət

 

"Ermənistandakı insanların, cəmiyyətin problemlərlə qarşılaşdığını bilirik. Hakimiyyətdəki partiya da bu problemlərin həlli üçün əlindən gələni edir və bundan sonra da edəcək". Ermənistanda iqtidarda olan Ermənistan Respublika Partiyasının (EPA) parlament fraksiyasının rəhbəri Qalust Saakyan Yerevanda jurnalistlərlə söhbətində belə deyib. Onun açıqlamasında həqiqət yalnız budur ki, Ermənistanda ciddi problemlər var. Amma iqtidar partiyasının həmin problemləri həll etmək üçün çalışması ağ yalandır. Əslində, ölkə prezidenti Serj Sarkisyanın sədrlik etdiyi bu partiyanın izafi səylər göstərməsinə də lüzum yoxdur. Ermənilərin qarşılaşdıqları bəlaların, üzləşdikləri problemlərin həlli üçün ən effektiv və sürətli variant elə EPA-nın hakimiyyətdən kənarlaşmasıdır.
 "Respublikaçılar" sədrləri ilə birlikdə kütləvi şəkildə istefa verərək iqtidar strukturlarından uzaqlaşsalar, Ermənistan üçün həyatları boyunca ən yaxşı iş görmüş olarlar. Bunu Qalust Saakyan və onun mənsub olduğu partiyanın yüksək çinli funksionerlərindən tutmuş, ən sıravi üzvünədək ən müxtəlif adamlar, habelə partiyanın sədri və həm də ölkə prezidenti Serj Sarkisyan da bilirlər. Sadəcə, onlar tutduqları postlardan istefa verən, hakimiyyətdən kənarlaşan deyillər. Səbəb çox sadədir. Serj Sarkisyanın başçılıq etdiyi partiya və Yerevandakı iqtidar anlayırlar ki, cəmiyyətlə, vətəndaşlarla münasibətlərdə yolverilən nifrət həddini keçiblər. Həmin həddən sonra istefa ölümcül təhlükəli əməldir, çünki hakimiyyətdən uzaqlaşandan və ya uzaqlaşdırılandan sonra vətəndaşların bir çox suallarına cavab vermək gərəkdir. Bəhs etdiyimiz məqam Ermənistanın xarici və daxili siyasətini bəlirləyən sistem, iqtidarın davranış modelidir. Təbii ki, bu amil yeni deyil. Hələ qədim quldarlıq dövlətlərində hakimiyyətdəki insanlar xalqın, kütlənin, sosiumun nifrətindən xəbərdar olduqları üçün yerlərində mümkün qədər çox qalmağa çalışırdılar. Hakimiyyətini itirəni zindan, edam, ölüm gözləyirdi. Qədim Romada taxtını itirən imperatorların sonu ən pis ölüm olurdusa, Şərqdə üsyan edən xalq ona divan edənlərin xanimanını viran qoyurdu. Ermənistanda hakimiyyət idarə etdiyi xalqa qarşı cinayətlərə nə zaman başlayıb - dəqiq bəlli olmasa da, Serj Sarkisyan Yerevanda əvvəlcə müdafiə naziri, sonra baş nazir və prezident olandan sonra qorxur. O bilir ki, əməllərinə, cəmiyyətə və dövlətə qarşı cinayətlərinə görə cavabdehlik, məsuliyyət həyatla ölüm məsələsidir. 1991-ci ildəki prezident seçkilərindən sonrakı bütün səsvermə prosesləri tragifars, saxtakarlıq, vətəndaşların seçiminin ələ salınması və sonucların əvvəlcədən bəlirlənməsi oldu. Total qanun pozuntuları və daxili siyasətin kənar dövlətin maraqlarına uyğun müəyyənləşdirilməsi rəsmi Yerevanın strateji mövcudluq prinsiplərinə çevrildiyindən iqtidar sürəkli asılı vəziyyətdə oldu. Belə olub və belədir. Normal dövlətlərdə hakimiyyət komandası fərdi anlayış yox, kollektivdir və iqtidarın heyətində öz marağı, məntiqi, hədəf və məqsədləri, məram və niyyətləri, motiv və istəkləri olan siyasətçilər yer alırlar. Ermənistanda isə iqtidar çeşidli insanlardan ibarət olsa da, onları çoxsaylı qanunsuzluqlar, cinayətlər birləşdirir. Sarkisyanın dəstəsində cinayət törətməmiş insan yoxdur və bu, hakimiyyətin mahiyyətini səciyyələndirən ünsürdür. Cinayətkarlıq, vətəndaşların maraqları və xalqın mənafelərinin heçə sayılması Yerevanda iqtidarla yanaşı, müxalifətin də fəaliyyət prinsipinə çevrildiyindən Serj Sarkisyanla onun zahiri opponentlərini sıx əlaqələr birləşdirir. Ermənistan siyasətinin ümumi, sistemli, kollektiv mahiyyət və stimulları belədir. Status və imkanlarından asılı olmayaraq ayrı-ayrı fərdlərin belə sistemə təsir imkanları çoxdan itib.
Sadalanan səbəblərə görə Ermənistanda siyasi sistemin köklü dəyişikliklərə ehtiyacı var. Ölkədə yeni, hakimiyyətlə müxalifət arasındakı cinayətkar əlaqələrdən xali qüvvə formalaşmalıdır. Yerevan hazırda Moskva tərəfindən tam idarə olunduğundan S.Sarkisyan komandasının və ya bu komandadan asılı qalmış müxalifət "lider"lərinin könüllü şəkildə transformasiya etmələri ehtimalı xülya təsiri bağışlayır.
İlk addım Ermənistanın Rusiyanın asılılığından çıxarılması olmalıdır. Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyandan ibarət "sabiqlər və indiki prezident" triosu Ermənistanda iqtidarla müxalifət arasındakı münasibətləri bundan sonra müəyyənləşdirməyə davam edərsə, heç nə dəyişən deyil. Bəhs etdiyimiz trionun maraqlı öhdəlikləri var. Levon Ter-Petrosyan ölkə müxalifətinin aparıcı qüvvəsi və lideri kimi təqdim olunaraq Erməni Milli Konqresinə sədrlik edir, ABŞ və Avropa Birliyinin Yerevandakı dayağı kimi qələmə verilir və ümumiyyətlə, Qərbə meylli müxalifət qüvvələrinin lokomotivi hesab olunur.
Sabiq prezident Robert Köçəryan "Moskvanın adamı" sayılmaqla yanaşı, Rusiyanın Ermənistandakı maraqlarının təmin olunmasına çalışır və eyni zamanda Serj Sarkisyanın ən ciddi rəqiblərindən biri kimi qələmə verilərək istənilən an "böyük siyasət"ə qayıda biləcəyini istisna etmir.
Serj Sarkisyan mövcud dövlət başçısı olmaqla yanaşı, Levon Ter-Petrosyan və Robert Köçəryanın hakimiyyəti ələ almaq səylərinin minimallaşdırılması ilə məşğul olur. Bütün bunlar yalnız zahirən belədir. Mahiyyətdə isə adları çəkilən adamlar birlikdə fəaliyyət göstərərək qüvvələr nisbətinin pozulmamasına çalışırlar. Onları yalnız öz maraqları düşündürdüyündən Ermənistanın problemlərini hansısa formada həll edə biləcəklərindən danışmağa da dəyməz.
Mənbə: Milli.Az
9 yanvar 2014
GO BACK