“2014-cü ildə Gömrük Birliyinin tam üzvü olacağımızdan əminəm. Bununla da Ermənistan yeni güc strukturlarına sahib olacaq”, - deyə prezident ermənilərin beynini doldurmağa çalışıb. Qeyd edək ki, Ermənistanın birliyə üzv olması üçün 3 ölkənin parlamentlərinin və Ermənistan parlamentinin təsdiq verməsi lazımdır. Ermənistanın tam üzvlüyünün 2014-cü ilin iyun ayında həyata keçirilməsi planlaşdırılır. Ermənistan 2013-cü ilin sentyabrında Gömrük Birliyinə daxil olmaq qərarı almış, dekabrın 24-də isə alınan qərarla yol xəritəsi təyin olunmuşdu.
Öz növbəsində “Erməni Milli Konqresi” parlament fraksiyasının katibi Aram Manukyan hesab edir ki, prezidentin müraciətinə baxmayaraq, həm xarici, həm daxili amillər, qəzəb və mühacirət 2014-cü ildə Ermənistanda hakimiyyətin dəyişməsi prosesini sürətləndirəcək. Bu barədə “Tert.am” saytı xəbər yayıb.
“Hadisələr kifayət qədər sürətlə inkişaf edəcək, ölkə daxilində hər şey artıq başlamış proseslərin inkişafı üçün hazırdır” deyən A.Manukyan qeyd edib ki, xarici ilkin şərtlər var: “Xarici təzyiqlərin sayı artır: avropalılar sadəcə olaraq ölkəmizdə fəaliyyət göstərən hakimiyyəti tanımırlar, onların dediklərinin hamısı ikiüzlülükdür. Ruslar isə öz “strateji tərəfdaşlarından” məyus olublar ki, bu da qəzəbə səbəb olur. İranla bağlı qalmaqal, üstəgəl reallaşan ciddi proseslər, eləcə də Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə və misli görünməmiş proqramlar fonunda Ermənistan getdikcə uğursuzların sırasına daxil olur. Bu vəziyyət nə daxili, nə də xarici qüvvələr üçün sərfəli deyil, çünki bu ərazi maraqların toqquşduğu nöqtədir. Rusiya isə öz növbəsində ölkəmizin ərazisinin parçalanmasına yol vermir”.
“Ermənistan 2014-cü ilin fevralına qədər Gömrük İttifaqına və vahid iqtisadi məkana qoşulmaq barədə müqaviləni imzalamağa, eləcə də Avrasiya İqtisadi Birliyinin formalaşdırılması prosesinə cəlb edilməyə hazır olacaq. Bunu isə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib. O bildirib ki, dekabrın 19-da Avrasiya Ali İqtisadi Şurası Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı “yol xəritəsi”ni təsdiqləyib: “İnşallah, bu il Avropa İttifaqı ilə geniş azad ticarət zonası müqaviləsini imzalayarıq”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Serj Sarkisyan Ermənistanın Gömrük İttifaqına daxil olmaq istədiyini bəyan edib. Hələ 2013-cü ilin mart ayında Ermənistan KİV nümayəndələri ilə görüşü zamanı Serj Sarkisyan “ölkəyə yeni perspektivlər vəd edən” sazişlərin imzalanacağına əmin olduğunu gizlətmirdi. O, hətta Avropa İttifaqı komissarı Ştefan Füleni də inandıra bilmişdi. İyul ayında Avropa İttifaqı komissarı Ştefan Füle isə Yerevanda inamla Ermənistanın noyabr ayında Assosiasiya sazişini paraflayacağını bəyan etmişdi. Onu aldadan Ermənistan prezidenti də bu barədə qətiyyətlə danışırdı. May ayında Brüsseldə, daha sonra isə Polşada Serj Sarkisyan Avropa ilə azad ticarət əlaqələri yaratmağın Ermənistan iqtisadiyyatı üçün yeni perspektivlər açdığını bəyan etmişdi. “Bu kontekstdə assosiasiya haqqında sazişə və onun tərkib hissəsi olan dərin və geniş azad ticarət haqqında müqaviləyə istinad etmək istərdim. İmzalayacağımız sənədlər ölkəmizin Aİ üzvü ölkələri ilə keyfiyyətcə yeni və daha hərtərəfli əməkdaşlıq səviyyəsinə qaldırar“ – deyə Sarkisyan avropalıların başını aldadırdı. Ermənistan prezidentinin Gömrük İttifaqına birləşmək qərarı Aİ üçün gözlənilməz oldu və Aİ komissarı Ştefan Fülenin sözlərinə görə, o da, erməni cəmiyyəti kimi “şok yaşadı”. Ermənistan hakimiyyəti Gİ üzvü olmaq qərarın ölkənin maraqları və təhlükəsizliyi nəzərə alınaraq qəbul edildiyini israr etsə də, Avropa rəsmiləri açıq bəyan edirdilər ki, Ermənistan Rusiya tərəfindən ciddi təzyiqə məruz qalıb.
Oktyabrın 3-də Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Serj Sarkisyan bunu təkzib edib: “Təzyiq haqqında danışmaq yersizdir. Mən sizə tam səmimiliklə deyirəm: heç bir Rusiya Federasiyası yaxud Gömrük İttifaqı məmuru Ermənistanın Gİ-yə daxil olması ilə bağlı yarım söz belə deməyib. Bu, bizim istəyimizdir”.
Beləliklə Ermənistan üç il ərzində danışıqlar apardığı Aİ ilə assosiasiya haqqında sazişdən imtina edib, danışıqlar aparılmadan Kremlin təşəbbüsü olan Gİ-yə daxil olmağa üstünlük verib. Maraqlıdır ki, daha əvvəl Ermənistan baş naziri Tiqran Sarkisyan Ermənistanla sərhədi olmayan Gömrük İttifaqına üzvlüyün sərfəsiz olduğunu dəfələrlə bəyan etmişdi.
Aİ ilə danışıqlar keçirildiyi müddətdə Ermənistan bu strukturdan 35 milyon dollar yardım alıb. Ötən il isə Ştefan Füle Aİ ilə siyasi assosiasiyaya və iqtisadi inteqrasiyaya hazırlıq işləri görmək üçün Ermənistana 43 milyon dollar təqdim etmək haqqında baş nazir Tiqran Sarkisyanla müqavilə imzalayıb.
Lakin bunlar artıq keçmişdə qalıb və hazırda Ermənistan qanunvericiliyini Gİ tələblərinə uyğunlaşdırmaq üçün geniş miqyaslı işləri başa çatdırıb və dekabrın 24-də Moskvada Avrasiya Ali İqtisadi Şurasının iclasında Gİ üzvü ölkələri - Belorus, Rusiya və Qazaxıstan - prezidentləri tərəfindən Ermənistanın Gİ-yə daxil olmaq üzrə "yol xəritəsi" təsdiqlənib.
Ermənilər hələ də başa düşmürlər ki, onların Avropa ilə ticarət əlaqələri zəifləyəcək. Məsələn, Almaniyanın Ermənistandakı səfiri Rayner Morel bu xüsusda bildirir ki, Ermənistanın Gömrük İttifaqına qoşulması onun Avropa Birliyi ölkələri ilə ticarət dövriyyəsinin azalmasına səbəb olacaq. O bildirib ki, Ermənistanın Gömrük İttifaqına qoşulmasının ölkə üçün ağır iqtisadi nəticələri olacaq: “Biz Ermənistanın Gömrük İttifaqına üzvlük istiqamətində hərəkət etməsindən təəssüflənirik. Bu, Ermənistan ticarət həcminin artmasına səbəb olmayacaq. Ermənistan AB-nin təqdim edə biləcəyi imtiyazlar və gömrük sahəsindəki güzəştlərdən yararlana bilməyəcək”.
Beləliklə, söylənilənlərdən tam şəkildə belə nəticəyə gəlmək olar ki, 2014-cü il Ermənistanın şok, böhran və indiki vəziyyətinin daha da ağırlaşacağı il kimi tarixə düşəcək.
Mənbə: Kaspi.Az