Qadin.NET / İş axtarırsınız?..

İş axtarırsınız?..

 

İşəgötürənlər necə işçi axtarırlar? “Kredit üzrə mütəxəssis”, “Anbardar”, “Satış üzrə mütəxəssis”, “Sürücü”, “Ofisiant”, “Resepşn”... İş elanları saytlarında ən çox rast gəlinən işlərdir bunlar. Halbuki ali hüquq təhsili, bank və sığorta işində təcrübəsi olan Seymur 1 ilə yaxındır ki, işsizdir. Özünün dediyinə görə, indiyədək təxminən 70-80 yerə CV göndərib: “Təhsilimə və təcrübəmə uyğun gələn onlarla elana əsaslanıb CV göndərmişəm. Hətta sürücü elanlarına da CV yerləşdirmişəm, amma hələ heç birindən xəbər çıxmayıb”. 
 İş tapmaq üçün nə etmək lazımdır? Daha çox hansı işlərə ehtiyac var? Yaxud daha çox hansı işçilər axtarılır? Bu suallara cavab tapmaq üçün apardığımız araşdırma zamanı xeyli maraqlı məqamlar üzə çıxdı. Müşahidələr göstərir ki, əsas iş yeri və işçi bolluğu Bakıda müşahidə olunur. İqtisadiyyatın paytaxtda cəmləşməsi, regionlarda işsizliyin yüksək, dolanışıq səviyyəsinin aşağı olması əhalinin Bakıya axını ilə nəticələnib. Həyata keçirilən regional proqramlar nəticəsində bölgələrdə yeni iş yerləri yaradılsa da, görünür, bu, yetərli deyil. Yaxud da paytaxtdakı infrastruktur şərait insanları daha çox cəlb edir. 

Düzdür, rəsmi statistika ölkədə işsizlik səviyyəsinin o qədər də çox olmadığını göstərir. Belə ki, Dövlət Statistika Komitəsinin saytında işsizlərin sayı ilə bağlı ən son məlumat 2012-ci ilin 1-ci rübünü əhatə edir. Göstərilir ki, həmin dövrə Azərbaycanda 247,9 min nəfər işsiz olub. Rəsmi statistikaya əsasən, 2013-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,6 min nəfər olub. Onlardan 901,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 603,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. 
Muzdla işləyənlərin 22,7 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub. 
İşi necə tapmalı?
Seymur deyir ki, indi ancaq kafelərdə iş tapmaq olar, qalan işlərə ancaq tapşırıqla, tanışlıqla götürülmək mümkündür: “Mənim kimi diplomu əlində qalanlar işsizlikdən, işəgötürənlərsə ölkədə mütəxəssis qıtlığından gileylənirlər”.
Qeyd edək ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də Azərbaycanda işsizlik deyil, işçisizlik probleminin olduğunu bildirmişdi. Şirkət prezidenti iş yeri yoxdur deyənləri qınayaraq “bizdə işsizlik yox, işçisizlik var demişdi: “Biz işçi, mütəxəssis tapa bilmirik. Fakt budur ki, indi işçi tapılmır. Vaxt vardı, Azərbaycan neftçiləri bölgəyə nümunə sayılırdı”.
Mütəxəssislər də o fikirdədirlər ki, Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Marketinq üzrə mütəxəssis Elçin Abdullayevin sözlərinə görə, əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir: “Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssis kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir”.
Araşdırmalar göstərir ki, respublikamızın bəzi rayonlarında əmək ehtiyatlarının çatışmazlığı, digərlərində isə artıqlığı müşahidə olunur. Əmək ehtiyatlarına demoqrafik vəziyyətin güclü təsiri mövcuddur. E.Abdullayevin sözlərinə görə, bölgələrdə bəzən müəyyən layihələr həyata keçirilərkən, inşaat, emal və ya istənilən digər sahələr üzrə kifayət qədər mütəxəssis tapmaq qeyri-mümkün olur: 
“Paytaxt daha çox inkişaf etdiyindən daxili miqrasiya şəraitində bacarıqlı kadr ehtiyatları burada toplanıb. Kəndlərdə əmək ehtiyatlarının səviyyəsinin aşağı düşməsinə səbəb işçilər üçün iş və istirahət şəraitinin yaradılmaması, yeni texnologiyaların tətbiq edilməməsi, əməyin mühafizəsinin norma və qaydalarına riayət olunmaması, peşəyönümü istiqamətində daha məqsədəuyğun tədbirlərin hazırlanmaması və ən başlıcası, yeni iş yerlərinin yaradılmasının lazımi səviyyədə olmamasıdır. Gələcəkdə yeni iş yerlərinin yaradılması üçün sənaye müəssisələrini, onların filiallarını və sexlərini kiçik şəhərlərdə, şəhər tipli qəsəbələrdə, əhalisi çox olan kəndlərdə təşkil etmək daha məqsədəuyğun olar və bu, kənd yerlərindən gedənlərin axınının qarşısının alınmasına öz müsbət təsirini göstərə bilər”.
Bu sahədə dövlət proqramı qəbul olunub
Əmək ehtiyatlarından daha dolğun istifadə etmək və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)” təsdiq olunub, Məşğulluq Strategiyasının reallaşdırılmasını təmin edən Dövlət Proqramı hazırlanıb və bu sənəd prezidentin 2007-ci il 15 may tarixli sərəncamı ilə təsdiq edilib. İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, dünya bazarında gedən rəqabət prosesində yalnız yüksək səviyyəli kadrlara malik olan ölkələr qalib gəlirlər. İnsana kapital qoyuluşu, yəni onun mütəxəssis kimi hazırlanmasına qoyulan investisiyalar dünya təcrübəsində ən çox gəlir gətirən investisiya sahəsi kimi dəyərləndirilir. İxtisaslı və peşəkar kadrlar hər hansı müəssisə və ya təşkilatın dəyərli resurslarından biri sayılır. Elə yuxarıda qeyd etdiyimiz Dövlət Proqramının vəzifələri də bunlardan ibarətdir. Belə ki, Dövlət Proqramında 2011-2015-ci illər üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsindən ciddi nəticələr gözlənilir. Proqram başa çatandan sonra səmərəli məşğulluq siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması, kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və əlavə təhsil şəbəkəsi fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş institusional mühitin təkmilləşdirilməsi proqnozlaşdırılır. Bundan əlavə, yüksək beynəlxalq standartlara uyğun işgüzarlıq mühitinin formalaşdırılması, struktur islahatlarının dərinləşdirilməsi, investisiya fəallığının artırılması, insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsi də proqramdan gözləntilər arasındadır. Seymurun son ümid yeri əmək yarmarkalarıdır: “Elanları izləyirəm, əmək yarmarkasına da baş vuracam, ordan da bir şey çıxmasa, məcburam gedim fəhlə işləyim, ya da hansısa sənəti öyrənib sənətkarlığa başlayım”.

Mənbə: Kaspi.Az

8 yanvar 2014
GO BACK