Yeni ilə təxminən yarım ay qalmış ölkədə yumurtanın qiyməti qalxanda, bir çoxları bunu bayramla əlaqələndirirdi. Anspress yazır ki, qiymət artımının səbəbi kimi təlabatın artması göstərilirdi. Gözlənilirdi ki, bayram günlərindən sonra bu ərzağa tələbat azaldığından, qiyməti də ucuzlaşacaq. Amma indi 2014-cü ildə satıcılar və müştərilərlə apardığımız sorğu onu göstədi ki, qiymət hələ də düşməyib. Amma satıcılar hələ də yumurtanın ucuzlaşacağını güman edirlər. Çünki hazırda dükanlarda satılan yumurtaların çoxu ötən ilin dekabrından mağazalara gətirilənlərdir. Pərakəndə satıcılar yumurtanın topdan satışını təşkil edən firmaların qiyməti aşağı salacağına ümid edirlər. Elə alıcılar da bu fikirdədirlər. Maraqlıdır ki, rəsmi məlumatlar ölkədə yumurta qıtlığı olduğunu göstərmir. Məsələn, 2013-cü ilin 11 ayında ölkədə 1 milyard 200 milyon ədəd yumurta istehsal olunduğu bildirilir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur. Deməli əksinə qiymət aşağı düşməli idi. Belə çıxır ki, məsələ kimlərinsə artıq qazanc əldə etmək istəyindən qaynaqlanır.
Mənbə: Milli.Az