Qadin.NET / Qadın ucalığı: həyəcan, bir də sevinc...

Qadın ucalığı: həyəcan, bir də sevinc...

 

Qadın bütün varlığı ilə bir şəfqət abidəsidir; şəfqəti də yaradılış və təbiətindən qaynaqlanır. Bu təmiz, zərif təbiət yanlış müdaxilələrlə kirlədilməmişsə, həmişə şəfqətli olar, şəfqətli danışar, şəfqətlə oturub-durar, ömrünün sonuna qədər insanlara şəfqətlə baxar və hamıya qucaq-qucaq şəfqət bəxş edər. Hamını şəfqətlə qucaqlayıb, hər kəsə şəfqət içirdiyi anda da zərifliyinin və səmimiyyətinin təbii iztirabını çəkər. Hər kəsin üstündə yarpaq kimi əsər, ana-atasının, qardaşlarının, rəfiqələrinin və bütün yaxınlarının, əlbəttə ki, ömür-gün yoldaşının, övladlarının... Həyəcan və sevincini bu əzizləri ilə bölüşəndə qönçə kimi açılar və ətrafa təbəssümlər yağdırar. Ancaq onlarda narahatlığı, kədəri görüncə yarpaq tək saralar, solar və kədərlə inlər. O, daim gözəl, xoş şeylər görməyi arzular, xoş şeylərlə qarşılaşmaq istər, ancaq hər zaman aradığını tapa bilməz, bəzən ümidləri puça çıxar. Bəzən rüzgar sovurar ətrafını və könül bağladığı nə varsa hamısını yerlə-yeksan edər. Məhz belə vaxtlarda inləyər və özünə yer tapa bilməz. Ah-fəqanları ilə coşar için-için, göz yaşı ilə dərin nəfəs alar. Bəzən də üfüqündə zühur edən gözəlliklərlə uşaq kimi sevinər və hamıya piyalə-piyalə sevinc paylayar. Ruh üfüqü etibarilə yoldaşını tapan və uşaqları ilə susuzluğunu yatıran bir qadının Cənnət hurilərindən və onun pərvaz etdiyi yuvanın, ailənin, evin də Firdövsdən heç bir fərqi yoxdur. Hər halda, belə bir cənnətlik qadının kölgəsində şəfqət və nəvazişlə böyüyən uşaqların da ruhani varlıqlardan heç bir fərqi olmayacaqdır… Bəli, belə bir yuvada, ailədə doğulub böyümə xoşbəxtliyi nəsib olan bir şəxs, başı Firdövslərə çatmış kimi yüksəklərin nəşəsi ilə yaşayar və daim ətrafına təbəssümlər bəxş edər.
Belə bir ailədə vücudlar ayrı-ayrı görünsə də, hamıya və hər şeyə hökm edən can birdir. Həmişə qadından fışqırıb bütün yuvanı, ailəni qucaqlayan bu can mənəvi bir ovsun, bir ruh kimi hamının yanında, başının üstündə özünü hiss etdirər və bir növ onları müəyyən yerlərə istiqamətləndirər. Qeyb aləmlərinə biganə olmayan və ruhunun qapısı açıq olan mübarək bir qadın ailə içində sanki bir Qütb ulduzudur, yeri sabitdir, həmişə öz yerində durar və öz məhvərində dolanıb durar, bu sistemin digər üzvləri isə öz varlıqlarını daim onun ətrafında formalaşdırar və ona bağlılıq içərisində öz məqsədlərinə doğru yürürlər… Bəli, hər kəsin yuva, ailə ilə münasibəti müvəqqəti, məhdud və nisbidir. Qadın isə başqa bir işi olsa da, olmasa da içində şəfqət, mərhəmət, sevgi məcununun coşub-daşdığı mətbəxi ilə evinin ortasında daim dimdik dayanar və neçə-neçə gözəl şeylər bişirib hisslərimizə təqdim edər...
Duyğu və düşüncə dünyası ilə sonsuzluğa tam yönəlmiş bir qadın heç bir mürşidin və heç bir müəllimin eşitdirə, hiss etdirə bilmədiyi şeyləri eşitdirər, hiss etdirər ruhumuza, könüllərimizi zəmanənin soldura bilməyəcəyi, heç kimin silə bilməyəcəyi ən gözəl mənaların ən nəfis naxışları ilə bəzəyər və şüuraltımızda bizi dünyanı fəth etməyə yetəcək o qədər mükəmməl zənginliklərə və rəngarəngliklərə qovuşdurar ki!.. Biz belə yetkin və kamil bir qadının qarşısında ruhumuza o biri dünyanın mərhəmət, şəfqət və gözəlliklərinin hər an sızdığını, axdığını hiss edər və daxili aləmimizin dərinliklərində daim axirət aqibətli olmanın sevinci ilə titrəyərik. Bizə görə, qadın analıq ənginliyi ilə səmalar qədər geniş və könlündə göylərdəki ulduzlar qədər hisslərin, düşüncələrin coşduğu bir hiss və mərhəmət yumağıdır. O, həmişə acılı-şirinli taleyinə baş əyən, sevinci və kədəri ilə barışan, sevinci və qəmi ilə iç-içə yaşayan, qəlbi kinə və nifrətə bağlı olan, hər halı ilə qurmaq və ucaltmaq üçün çalışan və yer üzündə ilahi xilafətin ən saf mayası, bəşəri incəliyin də bir növ əsasıdır. Xüsusən də, inancı və sonsuzluq düşüncəsi ilə qəlbinin qapılarını əbədiyyətə açan xoşbəxt bir qadın maddə ilə mənanın, cisimlə ruhun qovuşduğu aləm adlandıra biləcəyimiz sehirli bir nöqtədə, təsəvvürlərin, xəyalların fövqündə elə parlaq bir yerə sahibdir ki, bundan başqa ona verə biləcəyimiz ən yüksək rütbələr, səlahiyyətlər belə onun günəş kimi parlayan əsl dəyərinin yanında sönük bir şam kimidir.
Bizim düşüncə və xəyal dünyamızda qadın xilqət hadisəsinin ən mühüm rəngi, bəşəriyyət aləminin ən bərəkətli və sehirli rüknü, evimizdə Cənnət gözəlliyinin qüsursuz bir timsalı, varlıq və sonsuzluğumuzun da ən sağlam təminatıdır: O, yaradılmamışdan əvvəl Adəm Peyğəmbər yalqız, ekoloji sistem ruhsuz, bəşəriyyət müsibətlərə təslim, ailə bir ağacın koğuşu, hər hansı bir canlı və insan da öz ömür lampasının məhbusu idi. Onunla ikinci bir qütb əmələ gəldi və qütblər bir-birinə bağlandı. Varlıq yeni və fərqli bir səslə, bir görünüşlə şərəfləndi.. Yaradılış sonuncu mərhələsinə qədəm qoydu və yalqız insan da bir növə çevrilib kainatın ən mühüm ünsürü oldu…
Qadın fizioloji və psixoloji cəhətdən fərqli təbiətə malik, ayrı xüsusiyyətlərə sahibdir, ancaq bu, kişinin qadından üstün, ya da qadının kişidən aşağı olduğunu göstərmir. Əgər qadını və kişini havadakı azot və oksigen şəklində təsəvvür etsək, hər ikisi də xüsusi yeri, vəziyyəti etibarilə fövqəladə əhəmiyyətlidir, qiymətlidir və eyni dərəcədə bir-birinə möhtacdır. Havadakı ünsürləri bir-biri ilə müqayisə edərək: “azot daha qiymətlidir”, ya da “oksigen daha faydalıdır” mübahisəsi nə qədər mənasız və lüzumsuzdursa, qadın ilə kişi haqqında belə müqayisə aparmaq və mübahisə etmək də o dərəcədə əbəs və mənasızdır. Bəli, yaradılış və dünyadakı missiyaları nöqteyi-nəzərindən qadın ilə kişinin bir-birindən heç bir fərqi yoxdur və bir vahidin bir-birinə möhtac iki üzü kimidir. “Zən mərdə, civan pirə, kaman da tirinə möhtac; Əczayi-cahan cümlətən bir-birinə möhtac” (mənası: qadın kişiyə, gənc qocaya, kaman oxa möhtacdır; Dünyada hər şey bir-birinə möhtacdır). Ancaq görəsən, qadın dünyanın hər yerində və həmişə bu dəyəri ilə tanınmışdırmı? Qətiyyən zənn etmirəm, buyurun, mərhum S. Çandan verdiyimiz kiçik iqtibaslar tarixin acılı-ağrılı məqamlarından xəbər verir: “Dünyanın bir hissəsində o (qadın), heç vaxt evlənmə, miras və digər bəşəri hüquqların ən kiçiyinə belə sahib ola bilmədi. Hər hansı bir haqqa sahib olmaq bir tərəfə, o, qasırğadan, ölümdən, ilandan, zəhərdən daha zərərli bir məxluq hesab olundu (Vedalarda, qədim Hind ədəbiyyatında qadın belə təsvir olunur.)
Mənbə: Zaman Azərbaycan
8 yanvar 2014
GO BACK