Uşağın bizə özünü əks etdirməsi və hadisələr haqqında duyğu və düşüncələrini ifadə etməsində rəsmlərin böyük rolu var. Şəkil çəkmək, eyni zamanda, sözsüz dili əmələ gətirir və bunun nəticəsində uşaq duyğularını bizə danışır. Uşaq şəkillərinə baxıb, onların duyğularını oxuyarkən diqqət yetirməyimiz lazım olan bəzi əhəmiyyətli nöqtələr var. Çünki bir rəsmə baxıb qərar vermək bizi səhv düşüncələrə sala bilər. Uşağın düşüncələrini oxumaq üçün onun bütün rəsmlərinə baxıb yekun qiymətləndirilmə verilməlidir. Şəkil qiymətləndirməsinə başlamamışdan əvvəl uşağın ümumi tutum və davranışlarını, içində yaşadığı psixoloji sosial-mədəni və iqtisadi vəziyyət, yoldaşlarıyla, qardaş-bacısıyla əlaqələri, məktəb və ailə içi əlaqələri, uşağın yaşını, cinsiyyətini, ailədə neçənci uşaq olduğunu, ailəsinin ümumi xüsusiyyətlərini, məktəb müvəffəqiyyətini, uşaq haqqındakı ümumi təəssürat və görünüş, digər əhəmiyyətli xüsusiyyətləri də nəzərə alınmalıdır.
Onu da unutmamaq lazımdır ki, şəkil çəkmək öyrənilən bir davranışdır. Psixoloq Nigar Məmmədovanın sözlərinə görə, şəkil çəkməkdə müəllim faktoru da əhəmiyyətlidir. Uşaqlar şəkil çəkməni öz-özlərinə, ailələrindən, müəllimlərindən və ya yoldaşlarından öyrənirlər. Mövzu seçimi etmədən "gəl, bir şəkil çəkək" deyiriksə, uşaq maraq, əlaqə və ehtiyacları istiqamətində, içində yaşadığı psixoloji vəziyyətə və təxəyyülün də təsiri ilə şəkil çəkə bilər. Sərbəst mövzu verdiyimizdə uşağın çəkdiyi şəkildəki mövzu da çox əhəmiyyətlidir. "Çox böyük və çox kiçik şəkillər mənalı ola bilər. Səhifənin hamısını örtən çox böyük, bir neçə sm böyüklüyündə olan şəkillər ürkəkliyi, özünü qiymətləndirmənin aşağı olması, qapalılıq, təcavüzkarlığı əks etdirir. Bədən qisimlərinin şişirdilərək böyük və ya kiçik çəkilməsi də uşaqların müxtəlif duyğularını əks etdirir. Böyük baş - zehni baxımdan özünü qeyri-kafi görən uşaqlar, böyük ağız - danışma və dil problemi olan uşaqlar, böyük gözlər, göz bəbəyi göstərilmədən çəkilən şəkillər - görmə problemi olan, etibarsız uşaqlar, böyük ayaqlar- güvən, qayğı istəyində olan uşaqlar, böyük burun - tənəffüs çətinliyi çəkən uşaqlar, qulaqlar - eşitmə problemi olan, cinsi orqanlar təcavüzkar, impuls idarəsi zəif olan uşaqlar tərəfindən çəkilir. Əskik və unudulan xətlər, bəzi bədən qisimlərinin çəkilməməsi və ya diqqətə çarpan olmaması, məsələn, əllərin çəkilməməsi etibarsızlıq, ətrafa uyğunlaşmada çətinlik, qolların çəkilməməsi etibarsızlıq, güc və qüvvət azlığı, qıçların olmaması uşağın özünü dəstəksiz, hərəkətsiz hesab etməsi, ayaqların çəkilməməsi özünə etibarsızlıq, burunun çəkilməməsi özünə hörmətin aşağı olması, ağızın çəkilməməsi isə əlaqə yaratmaqda çətinlik çəkən uşaqlar tərfindən çəkilir".
Psixoloq bildirir ki, rənglərin də uşaq psixologiyasında böyük əhəmiyyəti var. Uşaqlar bizdən daha çox həssasdırlar. Çünki dünya onlar üçün yenidir. Ətraflarındakı hər şeyə çox diqqət yetirirlər. Xüsusilə kiçik yaşlarda dünya ilə aralarındakı ən güclü bağ gözləridir. Rəngli və hərəkətli obyektlər diqqətlərini çəkir. Şəkilli kitablara baxmağı xoşlayırlar. Xarici dünyaya bu qədər diqqət yetirən uşaqlara rənglərin təsiri çox böyükdür. "Dörd-beş yaşlarında olan uşaqlar, ümumiyyətlə, rəng ayrı-seçkiliyi etmədən rəsmi rəngləyərlər. Bu yaşlarda uşaqlar əsas rəngləri öyrənə bilirlər. Xoşbəxt şəkillərdə, ümumiyyətlə, sarı rəng, kədərli şəkillərdə qəhvəyi rəng daha çox üstünlük təşkil edir" deyən N.Məmmədova bildirir ki, uşaq hansı rəngi sevirsə, şəkillərdə o rəngə daha çox üstünlük verir. Şəkillərdə üstünlük qırmızı rəngə verilərsə, iddiaçılığı və təcavüzkarlığı təmsil edir. Çəhrayı, sarı, narıncı kimi isti rəngləri seçən uşaqlar mehriban olurlar. Qara, mavi, yaşıl, qəhvərəngi kimi soyuq rəngləri seçən uşaqlar utancaq, çətinliklə nəzarət edilən, uyğunlaşmayan, öz hisslərini ört-basdır etməyi bacaran uşaqlardır.
Uşağın paltar seçimində də rənglər əhəmiyyətlidir. Gündüz geyindirilən canlı rənglərdəki paltarlar uşağın daha enerjili, daha şən olmasını təmin edər. Axşam saatlarında isə paltarların mavi, yaşıl, çəhrayı kimi rənglərdə olması uşağın sakitləşməsinə köməkçi olub yuxuya getməsini asanlaşdıra bilər. "Uşaq üçün qırmızı rəngin iştah açan xüsusiyyəti var. Qida firmalarının bir çoxunun loqolarında qırmızını seçmələrinin səbəbi də budur. Qırmızı eyni zamanda qan təzyiqini və adrenalini artırır. Psixoloji olaraq oyanıq və həyəcanlı omağa sövq edər. Narıncı rəng sevinci təşviq edər. Sarı rəng cazibədarlığın simvoludur. Taksilərin sarı olmasının səbəbi budur. Psixoloji olaraq müsbətlik və canlılıq xüsusiyyətləri var. Çəhrayı rahatlıq verir. Yaşıl güvən verər, yaradıcılığı artırar. Yataq otağı üçün çox uyğun rəngdir. Körpənin gündüz yuxusuna getməsi üçün önəmlidir".
Mənbə: Ekspress.Az