İl sona çatana yaxın dünyadakı bütün astroloqlar növbəti ilin necə olacağı ilə bağlı proqnozlarını verirlər. İnsanların marağına səbəb olan bu proqnozlar bəzən əsəblərin pozulmasına və ilə həvəssiz başlanılmasına da səbəb olur. Bəzən insana stimul verən bu proqnozların düzlüyünə isə heç kim zəmanət vermir. Gələn ilin daha uğurlu keçməsi üçün edilən bir sıra ayinlər isə insanları bir növ rahatladır və növbəti ilə daha inamlı keçməsinə səbəb olur.
Keçirdiyimiz kiçik sorğunun nəticəsində məlum olur ki, "At ili"ndən də istəklər ötən ildəki istəklərdən elə də fərqlənmir. Sorğumuzun 80%-ni isə ev problemi təşkil edir. Gənclər bu ildən ipoteka şərtlərinin yüngülləşdirilməsini, ev ala bilmə imkanının olmasını və evlənmək planlarının reallaşdırılmasını istəyirlər. Həm də Şaxta babadan.
29 yaşlı Leyli Məhərrəmova da bu il evə sahib olmaq istəyənlərdəndir. Ev olmasını vacib şərt sayan həmsöhbətimizə görə, ev olmadıqdan sonra nə söz-söhbətin ardı- arası kəsilir, nə də xoş gün görmək olur: ""At ili"ndə 30 yaşıma qədəm qoyacağam. 60 illik ömrüm varsa, bu, həyatımın yarısı deməkdir. Ailə qurmaq üçün isə evə ehtiyacımız var. İpoteka şərtləri ev almaq üçün əl vermir. Nişanlımla ikimizin maaşı 550 manat edir ki, buna da ev kirayələmək mümkün deyil. Ər evinə köçmək kimi şansım da yoxdur, ev balacadır. Nişanlım da bizə köçə bilməz. Bu o deməkdir ki, ev almadan evlənmək də olmaz. 2014-cü ildən ev istəyirəm. Şaxta babadan desəm, gülməli çıxar. Bir sözlə, istəyirəm möcüzə olsun. İndi əksər cavanların dərdi evdi. Qalan şeylər heç kimin yadına düşmür. Astroloqların yazılarına nə inanıram, nə də oxuyuram".
Zamin Ağayev də bu il ev arzusundadır. Son 5 ildir bütün illərdən ev gözləyən Zamin, "At muraddır" deyib, bu il 2014-də muradına çatacağına inamını itirmir: "Siçan, Öküz, Dovşan, Əjdaha, İlandan ev istəmişəm, amma 5 ildir kirayədəyəm. 6-ci il "At"dan ev istəyirəm. Qarşıda hələ 6 ilim də var. Ümidimi itirmirəm" deyən Z.Ağayev astroloji proqnozlarla maraqlandığını bildirir: "Proqnozlar mənə vəd edir ki, "At ili"ndə sürünəcəyəm. Bunu yazan astroloqun niyyəti də məni yaman maraqlandırır".
İslam dini baxımından, göy cisimlərinin vəziyyətini və hərəkətini öyrənmək çərçivəsində nücum elmi birmənalı olaraq müsbət qarşılanır. Həzrət Məhəmməd Peyğəmbər (s) və imamlar öz kəlamlarında nücum elminin məsələlərinə toxunmuş, müsəlmanları da bu elmi öyrənməyə təşviq ediblər. Lakin göy cisimlərinin Yerdə baş verən hadisələrə, hətta insanların taleyinə təsirinə gəlincə, əksəriyyətin fikrincə, bu kimi inanclar səhv və batildir. Bəzi dini mətnlərdə ara-sıra astrologiyaya aid məlumatlara rast gəlsək də, alimlər bu hədislərin çoxunu zəif sayır və xüsusi şərhə ehtiyaclı bilirlər. Bu gün isə astrologiyaya elə də maraq yoxdur. Səbəb isə aşkardır: insanı ruhdan salan, inandırıcılığı az olan və fərqli insanların fərqli astroloji proqnozları. Psixoloqlar da insanlara astroloji proqnozları oxumamağı məsləhət bilirlər. Çünki bəzən müsbət ola bilmə ehtimalı olan hadisələri yanlış proqnozlar tamamilə tərsinə çevirə bilər.
Psixoloq Gülər Namazovanın sözlərinə görə, Azərbaycanda astroloji proqnozlar insanı çaşdırır. Jurnalların, qəzetlərin, saytların hərəsi bir şey vəd edir və insanın az da olsa inanmaq fikri varsa, o da yox olur. Yeni il inanclarının Azərbaycanda olmaması isə olduqca maraqlıdır: "5 fərqli jurnal alın, açın oxuyun 2014-cü ilin astroloji proqnozlarını və bürclərə vəd etdiklərini. Üst-üstə qoyun, tutuşdurun, heç biri bir-birinə uyğun gəlməyək. Əgər ulduzlar, il vəd edirsə, bu vədi insanlara çatdıranlar təxminən də olsa eyni məlumatı verməli deyillər? Bu o deməkdir ki, il öncəsi bütün ilin necə olmasını araşdırmaq, oxumaq mənasızdır. Bəzən elə proqnozlar oxuyuram ki, insan dəhşətə gəlir. "Sabah günün pis keçəcək" deyə bir söz demək insanı ruhdan sala bilir. Ən yaxşısı ümumiyyətlə, oxumamaq, həyatı olacağına buraxmaq lazımdır".
İnanclara gəlincə, müsahibimizin dediyinə görə, bizdə ən məhşur inanc "Yeni ili necə qarşılasan, elə də başa vuracaqsan" inancıdır: "Bu da əsassızdır. Sınasaq, bunun da sadəcə deyim olduğunu görəcəyik. Ümumiyyətlə, yeni il insanlar üçün başlanğıc etmək, ruhlanmaq, necə deyərlər, sıfırdan başlamaq üçün bir şansdır. Həqiqətdə isə həyat davam edir və növbəti günün necə olması insanın özündən asılıdır. Neqativ hiss və enerji verən hər şeydən uzaq olun və sevmək, sevilmək, həyatı daha uğurlu etmək üçün səbəblər axtarın. Belə olduğu halda il daha uğurlu və unudulmaz olacaq".
Mənbə: Ekspress.Az