- hər bir təhsilalanın fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi;
- ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi;
- təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;
- tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
- biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq edilməsi;
- hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması;
- hər bir fənn üzrə ayrıca jurnalın tərtib edilməsi;
- tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;
- təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla);
- fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması.
Ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və təhsil müddətində tələbəyə tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır. Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, qeydiyyat, qiymətləndirmə, monitorinq bölmələri) tərəfindən tənzimlənir. Bu Qaydalar ali təhsilin əyani və qiyabi təhsilalma formalarına şamil edilir.
Qaydaların icrası ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi dövlət sifarişi ilə təhsil alan tələbələrə görə ali təhsil müəssisələrinə dövlət büdcəsindən ayrılan vəsaitlər, habelə həmin müəssisələr tərəfindən ödənişli təhsildən, sahibkarlıq fəaliyyətindən və qanunvericiliyə uyğun olaraq həyata keçirilən digər fəaliyyətlərdən əldə olunan vəsaitlər hesabına təmin edilir. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan-kənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
Mənbə: Milli.Az