Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Milli.Az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500,0 (beş yüz) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Mənbə: Milli.Az