Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ildə magistraturaya keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb.Milli.Az xəbər verir ki, TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, gələn il magistraturaya qəbul imtahanının I mərhələsinin mart ayının əvvəlində, II mərhələsinin isə mayın sonlarında keçirilməsi nəzərdə tutulur.Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılır, ikinci mərhələnin nəticələri elan olunduqdan sonra nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar və seçdikləri ixtisaslaşma siyahısına əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə qəbul olunurlar. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə yazı işini yerinə yetirməlidirlər.Qeyd edək ki, TQDK tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları “Magistr” xüsusi buraxılışının 1-ci sayı da dərc olunub.
Mənbə:Milli.Az