"Azərbaycanın mədəniyyət və turizm sahəsində yeni islahatlara ehtiyac var. Bu islahatlar müasirləşmə və müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır. Biz sevinirik ki, həm kitabxana həm də turizm sahəsində bu texnologiyalar uğurla həyata keçirilir"Apa xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, 2013-cü il Azərbaycanın mədəniyyət sahəsində bir neçə beynəlxalq tədbirin keçirilməsi ilə yadda qalıb: "Bu il olduqca maraqlı, məhsuldar və nailiyyətlərlə zəngin il olub. Azərbaycanda üç böyük beynəlxalq tədbir keçirilib. Eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlər keçirilib. İl ərzində Azərbaycan incəsənət ustaları beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər". Ə.Qarayev qeyd edib ki, mədəni tədbirlərin həyata keçirilməsində mətbuat nümayəndələrinin dəstəyini hiss ediblər: "Mən bütün mətbuat nümayəndələrinə təşəkkürümü bildirirəm. Təşəkkürümü bildirirəm ki, bizim tədbirlərimizi geniş auditoriyalara təqdim etmisiniz. Ümid edirəm ki, mədəniyyət və turizm nazirliyinin fəaliyyətinə həmişə diqqət edəcəksiniz və bizim əməkdaşlığımız davam edəcək". Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilir.
Mənbə: Milli.Az