Qadin.NET / Uşaq bağçaları yoxlanıldı

Uşaq bağçaları yoxlanıldı

 

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, bir ildən artıqdır ki, Mingəçevir şəhərində fəaliyyət göstərən uşaq bağçaları icra hakimiyyətinin balansına verilib. Bununla bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri media mənsublarının iştirakı ilə nəzarət yoxlaması keçirib. Yoxlamanın ilk ünvanı uşaqların gündəlik qidalanması üçün məhsulların saxlandığı anbar oldu. Nümayəndələr anbarda məhsulların standartlara uyğun şəkildə saxlanması və həmin məhsulların uyğunluq sertifikatlarının olub-olmaması ilə maraqlandılar. “İaşəçi” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Vahid Əsgərov anbarın vəziyyəti barədə ətraflı məlumat verdi. Daha sonra nümayəndələr bağçaları ziyarət etdilər. 3, 17 və 16 saylı bağçalarda olan nümayəndələrin baş çəkdikləri ilk yer mətbəx oldu. Qida keyfiyyətinə qoyulan tələblərin yerinə yetirilməsi, məhsulların saxlanma şəraitinin uyğunluğu ilə tanış oldular. Araşdırma zamanı uşaq bağçalarında qidalanma ilə bağlı milli standartın tələblərinə riayət edilməsi də diqqət mərkəzində oldu. Nümayəndələr uşaqların gündəlik qidalanması üçün tələb olunan menyunun tərtib edilməsi, eyni zamanda istilik sistemi ilə maraqlandılar. Araşdırma zamanı 3 saylı uşaq bağçasında elektrik naqillərinin üstünün açıq vəziyyətdə olması da gözdən yayınmadı.İcra hakimiyyətinin nümayəndəsi bu tip yoxlamaların mütəmadi olaraq keçiriləcəyini dedi. Bildirək ki, Mingəçevirdə 20 uşaq bağçası fəaliyyət göstərir.

Mənbə: Milli.Az

27 dekabr 2013
GO BACK