APA-nın verdiyi məlumata görə, bu qaydalar Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanıb, tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil edilir.Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətlərinə hər bir təhsil alanın fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi, ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsil verənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi, təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması, tələbəyə sərbəst iş üçün şəraitin yaradılması, biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq edilməsi, hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması, hər bir fənn üzrə ayrıca jurnalın tərtib edilməsi, tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması, təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması daxildir. Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, qeydiyyat, qiymətləndirmə, monitorinq bölmələri) tərəfindən tənzimlənir. Bu Qaydalar ali təhsilin əyani və qiyabi təhsil alma formalarına şamil edilir. Qaydaların icrası ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi dövlət sifarişi ilə təhsil alan tələbələrə görə ali təhsil müəssisələrinə dövlət büdcəsindən ayrılan vəsaitlər, habelə həmin müəssisələr tərəfindən ödənişli təhsildən, sahibkarlıq fəaliyyətindən və qanunvericiliyə uyğun olaraq həyata keçirilən digər fəaliyyətlərdən əldə olunan vəsaitlər hesabına təmin edilir.Ali təhsil müəssisələrində tələbələrin təhsili ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı əsasında həyata keçirilir. Kredit sistemində Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar üzrə ixtisasın (ixtisaslaşmanın) tədris planı, ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki, ixtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı, tələbənin fərdi tədris planı və müəllimin illik işçi tədris planından istifadə edilir. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. Ali təhsilin hər iki səviyyəsində əyani təhsil alma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir.Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə, müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) də seçməyə icazə verilir. Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etməsi və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil alması məqsədi ilə ödənişli əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini) seçmək hüququ da verilir. Bu şərtlərlə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir.Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi, auditoriyadan kənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi, təcrübələrdə iştirak etməsi, laboratoriya işlərini yerinə yetirməsi, kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi, imtahanlara hazırlığı və imtahanları verməsi, buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi üzrə müəyyənləşdirilir. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. İxtisasın (ixtisaslaşmanın) illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı, tədris planı, tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında ali təhsil müəssisəsi tərəfindən hazırlanır. Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda, onun əvvəllər qazandığı kreditlər bu Qaydaların tələbləri gözlənilməklə nəzərə alınır.Tələbəyə müəllim seçmək imkanı yaradılır. Bir müəllimi seçən tələbələrin sayı bakalavriat səviyyəsində 30-dan çox olarsa, ali təhsil müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində isə tələbələr öz fərdi tədris planını hazırlayır və iyulun 5-dən 15-dək fakültəyə təqdim edir. Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər. Tələbənin fərdi tədris planında sonradan dəyişiklik edilməsinə icazə verilmir. Yalnız payız semestrindən akademik borcu qalanlar qış tətilinin ilk həftəsində növbəti semestr üçün fərdi tədris planlarında ali təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada müvafiq düzəlişlər edə bilərlər.Yay semestri akademik borcların ləğv edilməsi, fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi, ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması məqsədlərlə təşkil olunur. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır. Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur. Tələbə yay semestrində iştirakından asılı olmayaraq, payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək fakültəyə təqdim etməlidir. Tələbə öz məqsədinə nail olmadıqda, onun əvvəl topladığı bal qüvvədə qalır. İmtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir. Ali təhsil müəssisələrində yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Yay semestrinə müəllimlər könüllü surətdə cəlb olunurlar.Kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə ali təhsil müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur. Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslər arasından seçilirlər. Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur. Tyutorlar tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edir, tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verir, tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində, yay semestrinin təşkilində iştirak edirlər. Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq, tələbələrin akademik mobilliyi onların digər ali təhsil müəssisələrində, o cümlədən xarici ölkə ali təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər ali təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı ali təhsil müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən ali təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən tanınmalıdır. Digər ali təhsil müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas (ixtisaslaşma) üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.
Mənbə: Milli.Az