Çin növbəti dəfə öz liderliyini sübut etmək niyyətindədir və dünyanın ən böyük 4G mobil şəbəkəsini tikməyə hazırlaşır. Onun tikintisi 1 il müddətində başa çatdırılmalıdır. Milli.Az ICTnews-a istinadən bildirir ki, Çin Xalq Demokratik Respublikası (ÇXR) hakimiyyəti və ölkənin ən böyük mobil rabitə operatoru China Mobile deyib ki, 2014-cü ilin sonunda ölkənin 340-dan çox şəhər və yaşayış məskəni dördüncü nəsil mobil şəbəkələri ilə əhatə olunacaq. Çində geniş yayılmış TD-LTE tətbiq ediləcək. Şəbəkənin əsasını təşkil edəcək baza stansiyalarının sayı təxminən 500 min olacaq. ÇXR-də 4G şəbəkəsi artıq işləyir və ilin sonuna kimi o, ölkənin 16 böyük şəhərini əhatə edəcək. İnkişaf tempi çox sürətli artacaq: yeni ilin birinci yarısında şəhərlərin sayı 100-dək artacaq, üçüncü və dördüncü rübdə bu göstərici 340 olacaq. TD-LTE – bu, Çində əsas olan dördüncü nəsil mobil şəbəkələri standartıdır. Rəsmi məlumatlara görə, o, 18 ölkədə və dünyanın 23 regionunda tətbiq olunur. Gələn il TD-LTE texnologiyasını dəstəkləyən dövlətlərin sayı 63 olacaq. Sözügedən şəbəkələrin abunəçilərinə gəlincə, dekabrın əvvəlində onların sayı 5 milyondan çox olub.
Mənbə: Milli.Az