Huawei şirkəti Avstraliyanın Optus operatorunun LTE TDD kommersiya şəbəkəsində sürəti 160 Mbit/saniyədən çox olan dünyanın ilk tezlik daşıyıcılarının birləşməsi texnologiyasının (Carrier Aggregation - CA) işə salınması üzrə tərəfdaşı rolunda çıxış edib. Operatorun Melburndakı bir neçə 4G şəbəkəsi obyektlərində qurulan texnologiya CA və LTE TDD şəbəkəsində 500 Mbit/saniyədən çox sürəti təmin edən digər ən yeni texnologiyaların ilkin inkişaf mərhələsini özündə birləşdirir. Milli.Az ICTnews-a istinadən bildirir ki, CA texnologiyası Optus şəbəkəsində iki 20 MHs tezlik daşıyıcısını 2300 MHs diapazon tezliyində birləşdirməyə imkan verəcək. Keçirilən ilkin sınaqlar bir qurğuda 160 Mbit/saniyədən çox sürətin mümkün olmasını nümayiş etdirib. Bundan başqa, Huawei və Optus tərəfindən Sent-Merins şəhərində CA texnologiyasının birgə sınaqları keçirilib. Sınaqlar çərçivəsində dörd 20 MHs tezlik daşıyıcısının 2300 MHs tezlik diapazonunda vahid 80 MHs tezlik resursunda birləşdirilməsi həyata keçirilib ki, bu da son nəticədə məlumatların 520 Mbit/saniyə sürətində simsiz ötürülməsinə imkan verib. 2014-cü ildə Huawei bazara CA ilə uyğunluq təşkil edən (Cat-6 TD-LTE kimi tanınan) genişzolaqlı simsiz rabitə qurğularını çıxarmağı planlaşdırır. Dünya miqyasında LTE TDD texnologiyası 61 operator tərəfindən kommersiya istifadəsinə verilib. Bu operatorların 12-si LTE FDD (ayrılmış tezlikli LTE) və LTE TDD (Optus daxil olmaqla) birləşməsindən istifadə edir, - yazır. Tezlik daşıyıcılarının birləşməsi texnologiyası yüksəksürətli genişzolaqlı xidmətlərin yeni səviyyədə inkişafını təmin edərək operatorlara tezlik resurslarını optimallaşdırmağa və məlumatların bir neçə daşıyıcı tezliyində ötürülməsi ilə sürəti xeyli artırmağa imkan verir.
Mənbə: Milli.Az