İnternet sərhədsiz bir məkandır. Orada cəlbedici və qadağan olunmuş məlumatlar da çoxdur. Elə şeylər ki, onları qəzetlər yazmır, böyüklər pıçıltı ilə danışırlar. Bəs uşaqlar? Bu gün İnternetə hər kəsin çıxış imkanı var. Milli.Az Day.Az saytına istinadən bildirir ki, paytaxtda və regionlarda İnternet-kluba daxil olaraq istədiyin şeyə baxa bilirsən. İnternet həvəskarları tək böyüklər deyil, eyni zamanda uşaqlardır. Əgər böyük nəsil televizorun pultunu çətinliklə işlədirsə, əvəzində uşaqlar İnternetdə özlərini suda balıq kimi hiss edirlər. Artıq 3-4 yaşından etibarən kompüterin mausuna toxunurlar. Youtube-da sevimli cizgi filmlərinə baxırlar. Bu faktı gizlətmək mümkün deyil. Bəlkə də uşaqların texnoloji yenilikləri mənimsəməsi yaxşıdır, ancaq bunun mənfi tərəfləri də ola bilər. Hər şeyin əks tərəfi var. İnternet vasitəsi ilə dünya görüşlərini artırmaqla yanaşı, zərərli informasiyalar da ala bilərlər. Elə informasiyalar ki, zəif psixikalı uşaqların bilməyinə icazə verilmir. Sözsüz ki, söhbət zorakılıq, pornoqrafiya və digər "həzzlərdən" gedir. Hətta İnternetdə bombanı necə hazırlamağı da öyrədirlər. Bəs siz bilirsinizmi ki, uşaqlarınız kompüter arxasında əyləşəndə hansı məlumatları mənimsəyirlər? Bu məsələ sizi narahat edirmi? Zərərli informasiyalar qəbul etməmələri üçün nə edirsiniz?
Mənbə: Milli.Az