Qadin.NET / Aynada özümüzə baxırıqmı?

Aynada özümüzə baxırıqmı?

 

Kimisə ittiham etmək, tələb etmək və başqasının gözündə tir axtarmaq şakəri nə yazıq ki, biz insanlarda mövcuddur. “Filankəsdə bu var”, “bəhmənkəsda o var”, “bu niyə belə elədi” kimi ittihamlar yağdırmaq da xasiyyətimizdədir. Bəzən isə özümüz etmədiyimiz bir işi başqasından tələb edirik. Hədislərdə var ki, o alimin sözünün təsiri olar ki, dediyinə əməl etmiş olsun. Amma nə yazıq ki, bəzən bihudə sözlər danışmaqla həm özümüzü, həm də qarşımızdakını aldatmış oluruq. Heç görəsən, aynada özümüzə baxırıqmı? Kim olduğumuzu, nəyə xidmət etdiyimizi bilirikmi? Hər kəsin öz halında olduğu gündə bunu yenə edə biləcəyikmi? Axı insan əvvəl özünə cavabdeh olmalıdır. Öz eyiblərini düzəltməli, sonra başqasına irad tutmalıdır. Bir bunu dərk eləmək lazımdır ki, etdiyimiz hər bir əmələ görə başqaları deyil, özümüz cavab verəcəyik. Amma xislətimizdə olan şeytan ruhu bizi bundan uzaqlaşdırır. Bəzən ona ünvanlanan suala köməkçisini cavab verməyə məcbur edən müdir kimi bu dünyada özümüzü aldatmaqla məşğul oluruq. Gözlərimizi açanda isə özümüzü kəfənə bükülmüş vəziyyətdə qəbirdə görəcəyimizi düşünmürük heç deyəsən. Bütün bunları yazmaqda məqsədim var. Artıq bir müddətdir ki, 31 dekabr söhbəti gündəmə gəlib. Dindarların bir qismi məhz bu günün Hz. Peyğəmbərin (s) vəfat günü olması ilə bağlı yeni il şənliklərinin keçirilməsinin əleyhinə bəyanatlar səsləndirir, bir neçə nəfər “ilahiyyatçı” isə bunu doğru saymır və bu mübahisələrinin fonunda maraqlı mənzərə ortaya çıxmış olur. Ümumiyyətlə, buna yanaşmanın özü doğru deyil. Əlbəttə, Peyğəmbərin (s) vəfat günü bizlər üçün əhəmiyyətli olduğu kimi həm də o günə ehtiram etmək vacibdir. Dindar insanın həmin gün və eyni zamanda digər əlamətdar günlərdə kədərlənməsi təbiidir. Amma bunu bütün cəmiyyətdən tələb etmək bir az gülüncdür. Çünki dildə özünə müsəlman deyib, bəlkə də Peyğəmbərin (s) bir hədisini belə bilməyən, onun qoyduğu dinin qaydalarına əməl etməyən biri üçün həmən gün nə edib-etməyəcəyinin fərqi varmı? Əgər bu adam Peyğəmbərin (s) yalnız adını bilirsə və onun qoyduğu yola əməl etmirsə, deməli heç Onu (s) tanımır. Həmçinin həmin adam üçün Peyğəmbər (s) heç də doğma deyil. Bizlər öz doğmalarımızın vəfat günlərində kədərlənməyə öyrənmişik. Odur ki, Peyğəmbəri (s) sevən və onu özünə doğma bilən kimsələr əlbəttə, şənlik keçirməyəcək. Digər tərəfdən islamda “yas saxlamaq olmaz” kimi sözlər işlədən “ilahiyyatcıqlara” da sözüm var. Xahiş edirəm, başınız girməyən yerə bədəninizi soxmayın. Gedin öz işinizlə, alverinizlə məşğul olun, pulunuzu qazanın, yas saxlamayın, bütün günü əyləncə tərtib edin. Mən bildiyim qədər Peyğəmbərimiz (s) bu cür işlərdən uzaq olub və onun etdiyi hər bir əməl bizə örnəkdir. Amma daha bilmirəm sizin dininiz nədir və peyğəmbəriniz kimdir. Ona görə də bu mövzuda fikir yürüdə bilməyəcəm. P.S. Sonda yenə qayıdaq güzgü məsələsinə. Hərdən aynada özümüzə baxıb kim olduğumuzu görsək, yaxşıdır. O zaman nəyi, harada və necə etmək lazım olduğunu müəyyən edə biləcəyik. Özümüzü tanımaq diləyi ilə...
Mənbə: Milli.Az

 

25 dekabr 2013
GO BACK