"Bizim hesablamalarımıza görə, Məhəmməd Peyğəmbərin (s.ə.a.s) vəfatının və onun nəvəsi İmam Həsənin (ə.s) şəhid olmasının növbəti ildönümü yanvarın 1-nə təsadüf edəcək. Amma bu barədə hələlik dəqiq qərar vermək olmaz".Bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayev bildirib.Onun sözlərinə görə, Məhəmməd Peyğəmbərin (s.ə.a.s) vəfatı və onun nəvəsi İmam Həsənin (ə.s) şəhid olduğu gün Hicri-qəməri təqvimi (Ay təqvimi) ilə Səfər ayının 28-nə təsadüf edir:
"Miladi təqvimlə bunun dekabrın 31-nə düşüb-düşməyəcəyi isə hələlik dəqiq deyil. Bunu əvvəlcədən əminliklə demək olmur. Ola bilər ki, bu, dekabrın 31-nə yox, yanvarın 1-nə təsadüf etsin. Çünki bu, ayın görünməsindən asılıdır".Bır sıra vətəndaşlarımızın dekabrın 31-i axşam Yeni ilin gəlişini şənliklə qeyd edib-etməməkdə tərəddüdünə gəlincə, hacı Fuad Nurullayev bildirib ki, istər vəfatı qeyd etmək, istərsə də Yeni il adı ilə şənlik etmək istəyi hər bir insanın öz əqidəsindən asılıdır.O bildirib ki, hər kəs Peyğəmbərimizi (s), İmam Həsəni (ə.s) yad etmək məsələsində öz imanı və əqidəsində azaddır. Eyni zamanda, yanvarın 1-i Günəş təqvimi ilə ilin təzələnməsi günüdür. Ona görə də buna qəti münasibət bildirmək düzgün deyil.
Mənbə: Milli.Az