Qadin.NET / Ölümə aparan hərarət. Acı sonluqdan qorunmaq üçün oxuyun

Ölümə aparan hərarət. Acı sonluqdan qorunmaq üçün oxuyun

 

Heç vaxt qızdırması olmayan insanlar şanslı sayılmırlar Qızdırma xəstəliyin göstəricisidir. Xüsusən uşaqlarda qış aylarında görünən qızdırma elə ciddi bir hal kimi qəbul edilmir. Kompreslər, dərmanlar vasitəsilə endirilən qızdırma əksər hallarda insanlar tərəfindən xəstəliyin göstəricisi olaraq normal qəbul edilir. Dərəcəsi daha yüksək olmadığı müddət qorxulu hesab edilməyən qızdırma dərəcəsi yüksəldikdə həddindən artıq qorxulu sayılır. Belə ki, həddindən artıq qızdırma ölümə, komaya düşməyə də səbəb ola bilir. Kiçikyaşlı körpələrin daim yüksək qızdırmalı olması onlarda qalıcı qüsurlara da səbəb ola bilər. Bu baxımdan qızdırma diqqət ediləsi bir hal olmaqla yanaşı eyni zamanda qorxulu bir vəziyyət kimi də qiymətləndirilməli, boş buraxılmamalıdır. Qızdırma bədən istiliyinin normadan çox olmasıdır. Sağlam insanda səhər saatlarında bədən istiliyinin aşağı düşməsi, axşamlar, eyni zamanda idman və hər hansı aktiv hərəkət zamanı yüksəlməsi müşahidə olunur. Bundan başqa, sağlam insanların bədən istiliyi 37, nadir hallarda 38 dərəcədən yuxarı qalxmır. Bu dərəcədən yuxarı olan istilik isə qızdırma sayılır. Qızdırmalı bədən isə daxili istiliyin əksi olaraq üşümək və halsızlıqla birlikdə yorulur. Vaxtında edilən müdaxilə ilə qızdırma dərəcəsi endirilməlidir. Terapevt Xatirə İsayevanın sözlərinə görə, uşaqların qızdırma keçirməsi böyüklərə nisbətən daha təhlükəlidir. Valideynlərin övladlarına qarşı həddindən artıq həssas olması bəzən uşağın qızdırmasını daha da qaldırır. Üşüyən körpəni isitmək üçün daha da geyindirən, əlini-ayağını spirtlə ovan valideyn əslində körpənin qızdırmasını salmaq yerinə daha da artırır: "Əslində qızdırma xəstəlik deyil. Hər hansı bir xəstəliyin xəbəredicisi olaraq özünü göstərir. Temperaturun 38 dərəcəyə qədər yüksəlməsi subfebril qızdırma sayılır. Bədən temperaturunun 38-38,5 dərəcə arasında olması mülayim qızdırma hesab olunur. Bədən temperaturunun 39 dərəcədən çox olması isə artıq yüksək qızdırmadır". Qızdırmanın səbəblərindən danışan həmsöhbətimizə görə, çox rast gəlinən səbəb bakterial və ya virus infeksiyalarıdır. Bununla yanaşı, iltihabi və revmatik xəstəliklərin nəticəsi olaraq da qızdırma yüksəlməsi ola bilər. Qızdırma zamanı bədən dəri vasitəsilə çoxlu maye itirir. Buna görə də qızdırma hiss edən kimi müxtəlif mürəbbələrlə birlikdə çay, limonlu su qəbul etmək qızdırmanın bədəni yormasının qarşısını alacaq: "10-20 dəqiqə ərzində sirkəli, yaxud adi soyuq su ilə kompres etmək də qızdırmanı sala bilər. Bu proses 10-20 dəqiqədən artıq olmamalıdır. Enməyən və daha da yüksələn qızdırma zamanı artıq evdə müdaxilə edilməməli və həkimə gedilməlidir. Çünki qızdırmanın xoşagəlməyən nəticələri də az deyil". Temperaturun yüksək - 39-40 dərəcə olması kiçik yaşlı uşaqlar üçün çox təhlükəli olaraq, onlarda qıcolmaların baş veməsinə, hətta uşağın ölməsinə səbəb ola bilər. Bu cür qızdırmalara həkim müdaxiləsi olmadığı zaman qüsurların da yaranması istisna deyil. Hətta yüksək qızdırma endikdən sonra uşaq özünü tamamilə sağlam hiss edərsə belə həkimə göstərmək mütləqdir. Terapevt bildirir ki, bəzən insanda heç bir qızdırma əlaməti olmur. Xüsusən körpələrdə qızdırmanı hiss etməyən valideyn qızdırmadan gec xəbər tutur. Bu da körpələrin qüsurlu olmasına səbəb ola bilər: "Gizli qızdırma zamanı uşaqda heç bir istilik əlaməti olmur. Lakin gözlərin eyni istiqamətə dirənməsi, ağızdan köpük gəlməsi, uşağın reaksiya verməməsi vəziyyətin ciddi olduğunu göstərir. Belə olan halda ev şəraitində uşağı bir tərəf üstündə uzadıb nəfəs alması üçün kömək etmək və həkim çağırmaq lazımdır. Ən təhlükəli qızdırma da gizli qızdırmadır". Nadir insanlar var ki, onlarda, ümumiyyətlə, qızdırma halı müşayət olunmur. Əslində belə insanlar şanslı insanlar sayılmır, çünki bədən xəstəliyin siqnalını verə bilmir. Qızdırma bədənin özünü qoruma mexanizmidir. Bu səbəbdən qızdırmanın yüksəlməsi hökmən xəstənin vəziyyətinin ağırlaşacağı mənasına gəlməz. "Əksər insanlar hətta 38 dərəcə qızdırma ilə də özlərini normal və gümrah hiss edir. Belə olan halda hökmən qızdırmanı salmaq kimi fikrə düşmək düzgün deyil. Qızdırma o halda diqqətə alınmalıdır ki, dərəcə oynayır, xəstənin halı dəyişir və xəstə qızdırmanı narahatlıq olaraq hiss edir". Müsahibimizin bildirdiyinə görə, qızdırma müalicə olunandır. Müayinə əsnasında qızdırmanı yaradan səbəb müalicə tələb edərsə, o zaman xəstə müalicəyə yazılır. Əks halda səbəb aradan qaldırılmadığı müddət qızdırma yüksəlməsi davam edəcək: "Qızdırmanın yaranma səbəbləri aydınlaşdırıldıqdan sonra müalicə ilə həll etmək mümkündür. Bu hər qızdırması qalxan insana aid edilmir. Elə insanlar var ki, qızdırma günlərlə davam edir, 1 ay ərzində 3-4 dəfə temperatur yüksəlir. Bu, artıq onu göstərir ki, insan orqanizmində normal olmayan bir proses gedir və bədən bununla mübarizə aparır. Belə olan halda məhz həmin prosesin nə olması aşkarlanıb ona qarşı müalicə edilir. Əksərən belə davamlı qızdırma viruslardan yaranır ki, orqanizm həmin virusa qarşı həssas olur. Boğaz anginalarını göstərmək olar ki, qızdırmanın yüksəlməsində bu amilin də rolu böyükdür". 

Mənbə: Ekspress.Az

 

25 dekabr 2013
GO BACK