Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə, Aktau şəhəri Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi öz yüksək tolerantlığı ilə seçilən Azərbaycan Respublikasında yaşayan müxtəlif azsaylı xalqlar, etnik və milli qrupların tarixi, adət-ənənələri, mədəniyyətinin təbliği çərçivəsində "Udi mədəniyyəti günü" keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun mətbuat xidməti məlumat verib.Tədbiri giriş sözü ilə açan Baş konsul Rəşad Məmmədov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən milli azlıq və etnik qrupların inkişafına dair dövlət siyasəti barədə tədbir iştirakçılarına məlumat verib, Qazaxıstanın Manqistau vilayətində yaşayan udilərin Azərbaycan diasporası ilə birgə fəaliyyətindən danışıb.Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzinin rəhbəri, professor Yusif Quliyev Mərkəz tərəfindən Azərbaycanda yaşayan milli azlıqlarla bağlı həyata keçirilən layihələr barədə görüş iştirakçılarına məlumat verərək, Qazaxıstanın bu bölgəsində yaşayan udilər haqqında danışıb.sonra Aktau şəhərində yaşanan udilərin ağsaqqalı, ehtiyatda olan polis polkovniki, eyni zamanda, azərbaycanlıların "Dostluq" milli mədəni mərkəzinin Ağsaqqalar Şurasının üzvü Voroşil Makarov tədbir iştirakçılarını salamlayaraq ölkəmizin Qəbələ rayonundan köç etmiş və hazırda Qazaxıstanın Manqistau vilayətində yaşayan 300 nəfərlik udi icması adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən, hazırda isə Prezident İlham Əliyev tərəfindən daim udilərə göstərilən diqqəti xüsusi vurğulayıb.Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Qazaxıstanın qərb bölgələrində diaspor ilə birgə keçirilən tədbirlərdə udi icmasının fəal iştirakının təmin olunması sahəsində fəaliyyətinə görə Baş konsul tərəfindən Aktau şəhərində yaşanan udilərin ağsaqqalı, ehtiyatda olan polis polkovniki Voroşil Makarova fəxri fərman verilib.Daha sonra udi tarixi, udilərin Azərbaycanda həyatı, yaşayış məskənları, adət-ənənələri, sosial-iqtisadi vəziyyəti və sairə barədə məruzələr dinlənilib, udi dilində şeirlər oxunub.Tədbirdə udilərin tarixinə və mədəniyyətinə aid kitab və jurnalların sərgisi, milli geyimlərin nümayişi, Nic kəndinin, ümumilikdə Qəbələ rayonunun mənzərəli yerlərinin fotosərgisi təşkil olunub. Tədbir iştirakçılarına udilərin mədəniyyəti haqqında sənədli film nümayiş etdirilib, udi dilində musiqiçilərin canlı ifaları dinlənilib.
Mənbə: Milli.Az