Qadin.NET / Varisin əlamətləri nədir?

Varisin əlamətləri nədir?

 

Yaxın tariximiz etibarilə bizdə bəzən istiqaməti və hədəfi müəyyən olmadığı, bəzən də elm fənnə (tətbiqat və isbat yolu ilə meydana gələn elm; fizika, kimya, biologiya, riyaziyyat kimi təbiət elmlərinin ümumi adı), fənn də fəlsəfəyə qarışdırıldığı üçün elmi düşüncədə böyük dağınıqlıq yaşandı və elm adamları da təmiri çox çətin etibarsızlığa düçar oldular. Ölkəmizdə yaşanan bu boşluq əcnəbilərin işinə yaradı, məmləkətimizin, demək olar ki, hər bucağında çoxlu məktəblər açdılar və bu təhsil yuvaları vasitəsilə nəsillərimizə öz dəyərlərini - yabançılıq aşıladılar. Bizim bir qrup ailələr də ən istedadlı vətən övladlarını, hətta əl-ayaq öpərək, bu məktəblərə yerləşdirdilər və bu gənclərin öz dəyərlərini itirmə prosesini daha da sürətləndirdilər. Müəyyən bir vaxtdan sonra bu xam və aldadılmış nəsillərdə “nə din qaldı, nə iman; din xarab, iman da turab (torpaq) olub” getdi. Getdi və biz millət olaraq həm düşüncədə, həm təsəvvürdə, həm sənətdə, həm də həyatda eqoizm xəstəliyinə məruz qaldıq. Bəs necə olmalıydı axı?! - Heç bir narahatlıq hissi keçirmədən gənc zəkaları əmanət etdiyimiz bu məktəblərdə, istisnasız Amerika mədəniyyəti, fransız əxlaqı, ingilis adət və ənənələri hər zaman elmin və elmi düşüncənin önündə oldu. Nəticədə gənclərimiz içində yaşadıqları çağın elmi, texnikası və texnologiyası ilə ayaqlaşmaq əvəzinə, müxtəlif qruplara ayrılaraq Marksizm, Durkheimizm, Leninizm, Maoizm oyunu oynamağa başladılar. Kimisi kommunizm və proletariat diktatorluğu xülyaları ilə ovundu, kimisi gedib Freyd qarğaşasında batdı, kimisi mövcudluq cərəyanına qapılaraq Sartra ilişib qaldı, kimisi Markus deyib ağzının suyunu axıtdı, kimisi də ömrünü Kamyunun boş xülyaları uğrunda keçirdi... Bəli, bu ölkədə bunların, demək olar ki, hamısı yaşandı və bu işin dayəliyini də guya elm yuvası olan müəssisələr yerinə yetirdilər. Bu böhranlı zamanlarda bir qrup qara səs və qara ağızlar durmadan dini, dindarı qaralayır və daima qərb mənşəli çılğınlıqları nəzərə verirdilər. Əlbəttə ki, bizim o dövrü və o dövrün ucuz satqınlarını unutmağımız mümkün deyil. Ölkəmiz və millətimiz əleyhinə, onların istəklərini nəzərə almadan bu zəmini hazırlayanlar xalqın vicdanında daim tarixi günahkarlar kimi yad olunacaqlar.
İndi isə biz içimizi dağlayan, könüllərimizi yaralayan bu qaranlıq dövrü və o günün rəhbərlərini öz günahları ilə baş-başa buraxaraq, gələcəyimizi inşa edəcək düşüncə işçilərindən bəhs etmək istəyirik.
Gənclərimizə aşılayacağımız elmi düşüncə sayəsində, Qərbdən əsrlərcə əvvəl həyata keçirdiyimiz kimi, bir daha nəsillərimizin elmlə, fikirlə yoğrulub bütünləşməsini təşkil edərək mütləq öz yenilənməmizin (Renesans) yaşanması üçün meydan açmalıyıq. İctimai vicdanda hiss edilən uğursuz taleyin iztirabı, illər boyu məruz qaldığımız qəyyumluq həyatının hasil etdiyi əzablar, bir neçə əsrlik istismarın insanlarımızda meydana gətirdiyi reaksiya, bugün etibarilə bizdə yenidən Adəm nəbinin fəryadlarına, Yunis peyğəmbərin sızıltılarına, Əyyub əleyhissalamın iniltilərinə bərabər ahu-əfğana səbəb olmuşdur. Hətta bu saat, bu duyğu və bu düşüncənin sıxıcılığı və tarixi təcrübələrin işığında məsafələrin büzülməyə başladığını və hədəfə bir neçə addım qaldığını sanki hiss edirik.
Varisin dördüncü əlaməti onun, kainat, insan və həyat mülahizələrini yenidən gözdən keçirib yanlış və doğrularını tənqid etməsidir. Bu barədə bunları deyə bilərik:
1. Kainat, tez-tez müraciət etmək üçün Allah tərəfindən gözlər önünə sərilmiş bir kitab; insan, varlığın, həyatın dərinliklərini müşahidə etməyə açıq bir nəşriyyat və bütün dünyaların şəffaf bir kataloqu; həyat da bu kitab və bu kataloqdan süzülən, süzülüb ilahi bəyanla səslənən mənaların əks etməsidir. Əgər kainat, insan və həyat rənglərinin, əlamətlərinin dəyişmələri etibarilə fərqli, lakin eyni həqiqətin müxtəlif üzləri isə, -ki elədir, bunları bir-birindən ayırmaq, həqiqətin ahəngini pozacağına görə, - varlığa da, insana da haqsızlıq və sayğısızlıq deməkdir.
Bəli, Allahın kəlam sifətinə əsaslanan bəyanını oxuyub, anlayıb, itaət edib təslim olmaq bir vəzifə olduğu kimi, elmi ilə planlayıb, qüdrət və iradəsi ilə də var edib ortaya qoyduğu bütün əşya və hadisələrdə tanınıb anlaşılması, anlaşılıb uyğunluq yollarının müəyyən edilməsi vaz keçilməz bir əsasdır. Allahın kəlam sifətindən gələn Qurani-Kərim, bütün varlığın ruhu, dünya və axirət səadətinin yeganə qaynağı; kainat kitabı da bu gerçəyin cəsədi, təmsili və tərkibində olan müxtəlif elm sahələri etibarilə, dünya həyatının birbaşa, axirət həyatının da dolayısilə çox vacib bir dinamikasıdır. Bu etibarla, hər iki kitabın da doğru anlaşılıb həyata keçirilməsinin, sonra da bütün bir həyatı onların əsasında qurmağın mükafatı onlara laqeyd qalmağın, etinasız yanaşmağın və uyğun şəkildə izah edə və həyata keçirə bilməməyin də cəzası olacaq.
2. Gerçək insani dərinlikləri duyğu, düşüncə və xarakterdə axtarmaq lazımdır, eyni zamanda bu keyfiyyətin Haqqın nəzərində və xalqın yanındakı etibarı da yenə bu xüsuslarda axtarılmalıdır. Yüksək insani keyfiyyətlər, duyğu, düşüncə dərinliyi və xarakter sağlamlığı, demək olar ki, hər yerdə fəaliyyət göstərən bir plastik kart hökmündədir. İman və idrakına kafir xüsusiyyətləri və düşüncələri qarışdıran, xarakteri ilə də çevrəsində hər zaman narahatlıq və şübhə doğuran insan, heç bir zaman Haqqın dəstək və yardımına nail ola bilməyəcək, xalq nəzdində də etibar və güvəncini qoruya bilməyəcək. Zira Haqq da, xalq da insanları, insani keyfiyyətləri, yüksək xarakterləri ilə qiymətləndirir və ona görə mükafatlandırırlar. Ona görə də, insani keyfiyyətlər etibarilə yoxsul, xarakteri ilə də zəif insanlar, çok yaxşı bir mömin kimi görünsələr də, böyük müvəffəqiyyətlər əldə etmələri və əldə etdikləri müvəffəqiyyətləri qoruya bilmələri; əksinə yaxşı bir müsəlman kimi görünməsə də, sağlam xarakteri və yüksək insani keyfiyyətləri etibarilə bir neçə mərtəbə yuxarıda olanların da tamamilə müvəffəqiyyətsiz olmaları mümkün deyil. Allahın təqdir və mükafatı xüsusiyyətlərə görə olduğu kimi, insanların müsbət düşüncələri də bir mənada yenə buna bağlıdır.
3. Doğru və haqq olan bir hədəfə çatmağın vasitələri də yenə haqq və doğru olmalıdır. İslami dairədə olanlar üçün hər işlərində ideallarının doğru olması bir haqq, o haqqa aparan yolda müraciət olunacaq metodlar da dini qaydalara zidd olmamalıdır. Allahın razılığı və Allaha qovuşma ixlassız və səmimiyyətsiz mümkün olmadığı kimi, İslama xidmət və müsəlmanları gerçək hədəflərinə yönəltmək də qətiyyən şeytani yollarla gerçəkləşə bilməz. Hətta bəzən bunun əksi mümkün görünsə də, batil yollarda etibarını bitirərək Haqqın lütfünü və xalqın etimadını itirmiş kimsələrin uzun müddət müvəffəq olmaları qətiyyən mümkün deyildir.
Varisin beşinci əlaməti onun azad düşünə bilməsi və düşüncə hürriyyətinə hörmətlə yanaşması şəklində xülasə edilə bilər. Hürr ola bilmə, hürriyyəti duya bilmə insan iradəsinin önəmli bir dərinliyi və mənlik sirlərinə gedən yolların sehirli qapısıdır. O dərinliyə açıla bilməyən və o qapıdan içəri girə bilməyənə insan demək çox çətindir. Uzun illər millətimiz həm içəridən, həm də xarici təsirlərin qorxunc bir əsarət basqıları içində qıvranmışdır. Duyğu və düşüncələrimizə müxtəlif təzyiqlərin olduğu əsarət içində oxumağın, düşünməyin, hiss etməyin və yaşamağın təhdid edildiyi belə bir şəraitdə yeniləşmə və inkişaf bir yana dursun, insanın insani keyfiyyətləri ilə qala bilməsi belə mümkün deyildir.
Bəli, belə bir zəmində, təcdid (yenilənmə) ruhuyla şahlanmış, gözü sonsuzluqlarda olan böyük ruhların yetişdirilməsi bir tərəfə, saf və normal insan səviyyəsinin qoruna bilməsi belə çox çətindir. Belə bir mühitdə olsa-olsa şəxsiyyəti pozulmuş zəif xarakterlər, miskin ruhlar və duyğuları iflic olmuş insanlar olar.
Yaxın tariximiz etibarilə həm evin, həm çölün, həm təhsil müəssisələrinin, həm də sənət dünyasının ruhlarımıza yeritdiyi bulanıq düşüncələr, qüsurlu ölçülər maddədən ruha, fizikadan metafizikaya hər şeyimizi alt-üst etdi. Bu dövr etibarilə, düşüncələrim adıyla sabit fikirlərimizi qabağa çıxarır, hər şeyi mənlik orbitli planlayır, inanc və anlayışlarımızın yanında başqa inanc və anlayışların da ola biləcəyini heç bir şəkildə qəbul etmir; fürsət tapan kimi tez-tez zorbalığa müraciət edir, zorbalığa müraciət etməklə haqqın da, iradənin də, hürr düşüncənin də önünə sədd çəkir və gedib-gəlib başqalarının təpəsinə minirdik. Nə acınacaqlıdır ki, indi belə bunların olmadığını və ola bilməyəcəyini söyləmək mümkün deyil. Halbuki, millət olaraq yenilənmə istiqamətində gedərkən, bir tərəfdən min illik tarixi dinamizmləri gözdən bir dəfə daha keçirmək, digər tərəfdən yüz əlli illik müxtəlif “dəyişmə” və “inqilabları” hesaba çəkmək şərtdir. Şərtdir, çünki günümüzdə hökmlər və qərarlar bir qrup tabulara görə verilməkdədir. Belə müəyyən düşüncələr altında verilən qərarlar isə şikəstdir və gözlədiyimiz aydınlıq bir dövrü hazırlaya bilməz.
Bugünki anlayışa görə, ancaq ehtirasların öldürücü tələsində qruplar arasında mübarizələr, partiyalar arasında boğuşmalar, millətlər arasında münaqişələr və qüvvələr arasında çarpışmalar hazırlanar. Bugün bir qrupun digəriylə vuruşması, fərqliliklərin dava-dalaşa çevrilməsi və heç bir şəkildə önlənə bilməyən yer üzü vəhşəti də yenə bu səbəbdəndir. İnsanlar bu qədər eqoist, bu qədər tamahkar, bu qədər mərhəmətsiz olmasaydılar, ehtimal ki, dünya indikindən bir xeyli fərqlı bir görünüş içində olacaqdı.
Elə isə bu gün fərqli dünyalara doğru addımlayarkən həm başqalarına qarşı olan davranışlarımızda, həm şəxsiyyətimiz və duyğularımız baxımından daha hürr düşüncəli və hürr iradəli olmalıyıq. Bugün hər şeydən çox hürr düşüncəni qucaqlayan, elmə və elmi tədqiqatlara açıq olan, kainatdan həyata uzanan yolda Quran və İlahi qanunlar arasındakı müvafiqliyi hiss edən geniş sinələrə ehtiyac var. Bunu da günümüzdə ancaq dahilik missiyasına sahib olan bir camaat edə bilər. Düzdür, əvvəllər bu böyük işlər fərdi dahilərlə təmsil edilirdi, ancaq hər şeyin çox təfsilatlandığı və ən uca şəxsiyyətlərin belə həll edə bilməyəcəyi günümüzdə, artıq dahiliyin yerini də mənəvi məziyyətlərə sahib, birlikdə hərəkət edən bir camaat, məşvərət və kollektiv şüur almışdır. Bu da yer üzü varislərinin altıncı addımının xülasəsidir.
Yaxın tariximiz etibarilə, belə bir anlayışın İslam cəmiyyətində olmadığı bir həqiqətdir. Məktəbin bir qrup fərziyyələri fakt kimi təqdim etdiyi, mədrəsənin həyata küncdən-bucaqdan baxdığı, gedib metafizikaya batdığı, kazarmaların sadəcə qüvvətlə gərilib, qüvvətlə gurladığı bir dövrdə bunların həyata keçməsi mümkün deyil.
Bu dövrdə məktəb tamamilə sxolastik düşüncənin təsiri altında qaldı və ancaq onunla nəfəs aldı; mədrəsə, elmə və düşüncəyə qapalı, inşa etmə gücündən məhrum, sanki bir iflic kimi yaşadı.., dini məktəblər eşq və şövqün yerinə hekayələrlə təsəlli olmağa başladı.., qüvvəti təmsil edənlər də tez-tez unudulduqları mülahizəsiylə özlərini xatırlatma və isbat etmə düşüncəsinə sahib oldu; və beləliklə hər şey alt-üst oldu və millət ağacı yıxılacaq şəkildə kökündən sarsıldı. Görünən budur ki, taleyin yollarına su səpdiyi bəxtiyarlar bu dinamikaları yerli-yerində istifadə edəcəyi, qəlb və ağıl arasındakı tıxanıqları açıb insan ruhunda ilham və düşüncə koridorları meydana gətirəcəkləri günə qədər bu sarsıntılar yaşanacaq.
Varisin yeddinci əlaməti riyazi düşüncədir. Bir vaxtlar Asiyadakı “ilk”lər daha sonra Qərb Renesansını riyazi qanunlarla düşünmə sayəsində həyata keçirə bildi. İnsanlıq aləmi tarix boyu bir çox qeyri-müəyyən və qaranlıq şeyləri rəqəmlərin sirli dünyasında kəşf edib ortaya çıxarmışdır. Hürufilərin ifrat davranışları bir yana, riyaziyyat olmasa, nə əşyanın, nə də insanların bir-biriləri ilə münasibətlərini anlamaq mümkün deyil. O, kainatdan həyata uzanan xətdə bir işıq qaynağı kimi yollarımızı aydınladır, bizə insan üfüqünün o üzünü, hətta düşünülməsi çox çətin dünya aləminin dərinliklərini göstərir və bizi ideallarımıza qovuşdurur.
Ancaq riyazi olmaq, riyaziyyatla əlaqəli şeyləri bilmək deyil, riyaziyyatı qanunlarıyla düşünmək, insan düşüncəsindən həyatın dərinliklərinə uzanan yolda daim onunla bərabər olmaqdır. Fizikadan metafizikaya, maddədən enerjiyə, cəsəddən ruha, hüquqdan təsəvvüfə hər zaman onunla bərabər olmaqdır. Varlığı tam qavraya bilmək üçün həm təsəvvüfi düşüncə, həm elmi tədqiqat qoşa üsulunu qəbul etmək məcburiyyətindəyik. Qərb dünyası köklərində olmayan bir cövhərin yerini doldurmaqda çox çətinlik çəkib və bu ehtiyacı bir mənada mistisizmə sığınaraq qarşılamağa çalışmışdı. Hər zaman İslam ruhuyla içəiç olmuş bizim dünyamız üçün, xarici hər hansı bir şey axtarmağa vəya hər hansı bir şeyə sığınmağa ehtiyac yoxdur. Bizim bütün güc qaynaqlarımız düşüncə və iman sistemimizin içində var; kifayətdir ki, o qaynağı və o ruhu ilk zənginliyilə qavrayaq.. o zaman, həyatın içindəki bəzi sirli münasibətləri və bu münasibətlərin ahəngli cərəyanını görəcək və hər şeyi daha fərqli tamaşa və zövq ürfanına çatacağıq.
İndilik anlaşılmaz və söz israfı kimi görünən, lakin gələcəkdə böyük əks-sədası olacağına inandığım riyazi düşüncənin də kiçik bir xülasəsini verdikdən sonra; sənət düşüncəmizi səkkizinci əlamət olaraq xatırlatmaq lazımdır. Ancaq hələlik müəyyən mülahizələrə görə, Jül Vern kimi: “Bəzi qruplar bizim ölçülərimiz çərçivəsində hələ belə bir səyahətə hazır deyillər” deyib beləcə bu mütaliəmizi də nöqtələyirik.
Mənbə: Zaman Azərbaycan
24 dekabr 2013
GO BACK