Qadin.NET / Azərbaycanda müəllim hazırlığı sahəsində dəyişikliklər olacaq

Azərbaycanda müəllim hazırlığı sahəsində dəyişikliklər olacaq

 

Azərbaycanda müəllim hazırlığı sahəsində dəyişikliklər olacaq
"Kolleclərdə müəllim hazırlığının keyfiyyəti Təhsil Nazirliyini qane etmir".Trend-in məlumatına görə, bunu nazirliyin İnsan resursları şöbəsinin müdiriFərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, son illər Azərbaycan kolleclərində müəlim hazırlığı işi məhdudlaşdırılıb. Lakin bundan sonra Təhsil Nazirliyi bu işlə daha ciddi məşğul olmaq fikrindədir: "Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu həyata keçirilir. Ötən il 20 minə yaxın müəllim mərkəzləşmiş müsabiqədə iştirak edib. Onun xeyli hissəsi kollecləri bitirən məzunlar olub. Ancaq onlardan yalnız barmaqla sayılacaq qədər məzun işə qəbul olunub. Bu, bizə əsas verir ki, deyək ki, kolleclərdə müəllim hazırlığının keyfiyyəti bizi qane etmir".Şöbə müdiri qeyd edib ki, beynəlxalq təcrübədə də kollec səviyyəsində müəllim hazırlanmır. Müəllimlər yalnız ali təhsil, hətta bəzi ölkələrdə magistratura səviyyəsində hazırlanır. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində kolleclərdə müəllim hazırlığının tamamilə məhdudlaşdırılması və yalnız ali təhsil səviyyəsində hazırlanmasına keçilməsi qarşıda duran əsas vəzifələrdən biridir:"Azərbaycanda bakalavr təhsili 4 ildir və tələbə bu illəri başa vurduqdan sonra müəllim kimi məktəbdə fəaliyyət göstərə bilər. Biz nəzərdə tuturuq ki, o, həmin 4 ilin 3 ilində pedaqoji sahə üzrə nəzəri biliklər əldə edə bilər. Son bir ildə isə bilavasitə məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilər. Hətta fikrimiz var ki, ehtiyacı olan ucqar kənd məktəblərinə də müəllimlər göndərilsin və orada işləsinlər. Orada təcrübəli müəllimlər gənc müəllimlərə rəhbərlik etsinlər, təcrübə mübadiləsi sayəsində onlar peşəkar təcrübi bacarıqlar əldə edərək məktəbə hazırlıqlı müəllim kimi gəlsinlər. Eyni zamanda, nəzərdə tutulur ki, internatura müddətində müəllimlərin əməyi qismən stimullaşdırılsın".
Mənbə: Milli.Az
24 dekabr 2013
GO BACK