Qadin.NET / Bakıda ən hündür yolka harada qurulacaq?

Bakıda ən hündür yolka harada qurulacaq?

 

Yolka bəzəməyin tarixi dünya ölkələrində mübahisəyə səbəb olan məsələlərdəndir. Bəzi ölkələr yolkanın bəzənməsinin vacibliyini qeyd etdiyi halda, bir sıra ölkələrdə yolkaların bəzənmədən istifadəsinə üstünlük verilir. Əksər ölkələrdə yolkaların hündürlüyü elə də əhəmiyyət daşımır. Yeni ilin atributunun hündürlüyü onun möhtəşəmliyinə xələl gətirəcək dəlil hesab olunmur. İlk yolkalar təbii küknar ağacının üzərində bəzədilib. Ancaq təbiəti qorumağı da nəzərə almaq lazım olduğundan, yolkalar təbii ağac üzərində deyil, hansısa şam ağacının budağından, süni şəkildə qurulmağa başlanıb. Son illər Azərbaycan da daxil olmaqla əksər ölkələr milli ornamentləri özündə əks etdirən yolkaların qurulmasına daha çox diqqət ayırır. İstər masaüstü yolkalar, istərsə də hündür yolkalarda milli naxışlar, oyuncaqlara da rast gəlmək mümkündür.  Yeni il yolkası haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirdi. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Amerikaya isə yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. Elə o vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə, yolka bütün dünyada məşhurlaşır. Maraqlıdır ki, dünyanın ən böyük yolkası Meksikada qurulub. Ağacın hündürlüyü tam 110 metr olub. Hətta yolka "Ginnesin rekordlar kitabı"na belə düşüb. Qurulmasına Braziliya və Meksikadan 200 nəfər cəlb edilən yolkanın diametri 35 metr, ağırlığı isə 350 tona yaxın olub. 40 mərtəbəli yolkanın işıqlandırılmasında isə 80 km naqildən və 20 min elektrik lampasından istifadə edilib. Bu il Azərbaycanın paytaxtı Bakıda da ən hündür yeni il ağacınun qurulması nəzərdə tutulmuşdu. Lakin yeni attraksionun ətrafında qurulması planlaşdırılan yolkadan əsər-əlamət yoxdur. Ölkə tarixində ən hündür yolka olacağı ehtimal olunan şam ağacının qurulmaması da insanlarda maraq oyadır. Ötən həftə Bulvar ərazisində heç bir yolkanın qurulmaması, Şaxta baba və Qar qızın olmaması da uşaqları xəyal qırıqlığına uğratdı. Dekabrin 20-dən qurulması nəzərdə tutulan yolkalar balacaları həvəsləndirsə də bu günə kimi park ərazisində heç bir yolka qurulmamağı da diqqət çəkir. Bununla bağlı Dənizkənarı Bulvar İdarəsinin rəisi Nazim Məcidovla əlaqə saxladıq. Onun "Ekspress"ə bildirdiyinə görə, dekabrin 20-dən sonra fəaliyyətə başlayacaq Şaxta baba və Qar qızlar dekabrın 25-dən sonra bulvara gələcək. "Yeni ilə hazırlığı ilə bağlı bu il Dənizkənarı Milli Parkın 15 yerində yolka ağaclarının qurulması nəzərdə tutulur. Onların hər birinin yanında Şaxta baba və Qar qız fəaliyyət göstərəcək". Bu il ən hündür yolkanın yeni attraksion ətrafında qurulmamasının səbəblərindən danışan N.Məcidov bildirdi ki, bu il ən hündür yolkanın qurulması ehtimalı azdır. Bu il ən hündür yolka yenə Azadlıq meydanında, 21 metr hündürlüyündə qurulacaq: "Ən hündür yolkanın karusel ətrafında qurulması nəzərdə tutulmuşdu, amma olmadı. Çünki karuselin istifadəsi də hələ ki, qalıb. Həmin ərazidə xarici şirkət sınaqlar aparır. Ola bilsin ki, istifadəyə verilməsi üçün bu il çatdırmadılar. Həmin yerdə tədbirlərin olması da hələ bilinmir". Azadlıq meydanında yolkanın qurulması işləri dekabrın 30-da yekunlaşdırılacaq. Yarıya kimi qurulan yolkanın qurulma prosesi hər gün davam edir. Eyni zamanda, "Azneft" dairəsində qurulan ənənəvi 3 yanaşı yolka da milli naxışlarla bəzənilir.  Ötənilki kimi bu il də Qız Qalası qarşısında yolka qurulmasına başlanılıb. Üstündəki naxışlar və fərqli dizayn ilə qurulan yolka şam ağacı budaqlarından ibarət olmasa da görünüşcə olduqca zövqlü görünür. Bayrama kimi, hər 3 yolkanın qurulması başa çatacaq. Maraqlı haldır ki, ötən il yolkalarla bəzənilən parklarda bu il gecikmələr var. Bayrama 5-6 gün qalmasına baxmayaraq, parkların əksəriyyətində yolkalara rast gəlmək mümkün deyil. "Sahil parkı"nda ümumiyyətlə bayram ab-havası yoxdur. H.Əliyev sarayının qarşısındakı park da "Sahil parkı" ilə eyni haldadır. "Elmlər Akademiyası" binasının qarşısında, eləcə də H.Cavid parkında insanlar çox olsa da burada uşaqların əylənməsi üçün heç bir hazırlıq gözə dəymir. "Nərimanov" metrostansiyası kənarında yerləşən park və Ayna Sultanova ərazisindəki böyük və bir-biri ilə bağlı olan 4 park da bayramqabağı tamamilə bəzəksizdir.

Mənbə: Milli.Az

 

24 dekabr 2013
GO BACK