Qadin.NET / "Prezident İlham Əliyev Azərbaycanı qloballaşmanın zərərli təsirlərindən qorumağın yollarını müəyyənləşdirdi"

"Prezident İlham Əliyev Azərbaycanı qloballaşmanın zərərli təsirlərindən qorumağın yollarını müəyyənləşdirdi"

 

Prezident İlham Əliyev Azərbaycanı qloballaşmanın zərərli təsirlərindən qorumağın yollarını müəyyənləşdirdi. Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.B.Muradova qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra keçən 10 il, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illəri bütün istiqamətlərdə tənəzzülün dayandırılması, inkişafa nail olunması, ictimai-siyasi sabitlik, dövlət qurumlarının formalaşdırılması, qanunvericilik bazasının möhkəmləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, ordu quruculuğu, hər bir insanın rifahını təmin edə biləcək iqtisadi sistemin yaradılması, ilkin nailiyyətlərin əldə olunması, iqtisadi inkişafın yüksək tempinə nail olunması illəri kimi yadda qaldısa, İlham Əliyevin rəhbərliyi altında keçən ikinci onillik bütün istiqamətlərdə sürətli, sıçrayışlı, dinamik inkişaf dövrü kimi yadda qaldı:"Bu 10 ilin hər günü, hər anı, hər dəqiqəsi xalqa və dövlətə xidmətdə keçdi. İlham Əliyev birinci prezidentliyinə başlayanda bir vəd vermişdi ki, o, hər bir Azərbaycan vətəndaşı üçün yaxşı prezident olacaq. Onun əsas vədi, əsas fikri ondan ibarət idi ki, ölkədə Heydər Əliyev siyasətinə sadiq olacaq və bu siyasəti davamlı həyata keçirəcək. Bu 10 il ərzində hər gün, hər an, hər dəqiqə bunu sübut edib".Vitse-spiker bildirib ki, bu siyasət Azərbaycana yalnız uğur gətirir. Ona görə də İlham Əliyev bu siyasətin davamlı olması üçün bütün lazımi addımları bu 10 il ərzində atıb:

"O, həm yaxşı prezident olmağı, həm də yaxşı varis olmağı bacardı, həm vətənpərvər bir azərbaycanlı olduğunu, həm də öz xalqının və millətinin lideri olduğunu sübuta yetirdi. Eyni zamanda, öz dövlətinin, öz torpağının bütövlüyü uğrunda sona qədər mübarizə aparmağı həyatının mənası hesab edən qətiyyətli bir prezident kimi öz mövqeyini ortaya qoydu. Azərbaycanın milli-mənəvi dəyərlərini çox yüksək dəyərləndirən, onun gənc nəslinin də bu ruhda tərbiyə olunmasını vacib hesab edən, eyni zamanda, müasirliyə, yeniliyə açıq bəşəri dəyərləri milli-mənəvi dəyərlərimizlə vəhdətdə götürməyi bacaran yenilikçi ölkə başçısı olduğunu sübuta yetirdi".B.Muradova deyib ki, Prezident ailə dəyərlərini çox yüksək səviyyədə qoruyan, Azərbaycanın ailə institutunun qorunması, inkişaf etdirilməsi və gələcək nəslə sağlam bir şəkildə çatdırılması işinin təşkilatçısı və nümunəsi kimi çıxış etdi. Eləcə də qloballaşma fonunda milli özünəbağlılığı, milli Məni qorumağın vacibliyini uca səslə tribunalardan nəinki vurğulamaq, onu həyata keçirməyin də nümunəsini göstərdi, Azərbaycanı məhz qloballaşmanın zərərli təsirlərindən necə qorumağın yollarını müəyyənləşdirdi:"Azərbaycanı dünyaya açdığı kimi, dünyanı da Azərbaycana gətirməyi bacardı. Azərbaycan bu 10 il ərzində dünyanın gözündə tamamilə başqa bir rəng aldı. Azərbaycan özünün zəngin mədəni keçmişi, tarixi, milli-mənəvi dəyərləri olan, eyni zamanda, bütün dinlərə, mədəniyyətlərə tolerant münasibəti olan və insanlara irqinə, onun milliyyətinə, dininə görə yox, insan olduğuna görə münasibət sərgiləyən ölkə olduğunu göstərə bildi. Biz hər zaman belə olmuşuq, amma bunu göstərmək imkanlarımız yox idi. Söhbət bunu göstərməyin sivil, müasir, heç kəsə bənzəməyən və hər kəsi valeh edən yollarının tapılmasından gedir. Baxın, bizim xarici ölkələrdə keçirilən tədbirlərimizə. O tədbirlər bəzən bizim özümüzü valeh edir, nəinki bu mədəniyyətlə ilk dəfə rastlaşan əcnəbiləri. Baxın, Heydər Əliyev Fondunun tədbirlərinə, cənab Prezidentin özünün iştirakı ilə keçirilən tədbirlərə, Mədəniyyət və Turizm Nazirlyinin tədbirlərinə, eləcə də Azərbaycanın özündə təşkil olunan tədbirlərə. Bir sıra ölkələrdən bir çox tanınmış şəxslər ildə bir neçə dəfə Bakıda olurlar. Elələri var ki, hətta mənə elə gəlir ki, onlar Bakıda yaşayırlar. Baxın, nə qədər insanda bu ölkəyə gəlməyə, onunla yaxından tanış olmağa, ölkənin mədəniyyəti, mətbəxini öyrənməyə, onun gözəlliklərindən faydalanmağa maraq artıb. Bütün bu maraqlar elə-belə yaranmayıb. İnsanlar öşbaşına bura gəlmirlər".O bildirib ki, Azərbaycanı yaxşı tərəfdən dünyaya tanıtmağın çox cəlbedici yollarını tapmaq yalnız İlham Əliyevin xidməti oldu:
"Biz əvvəllər qarşılaşdığımız insanlarla daha çox Qarabağ məsələsi və ermənilərin bu sahədəki "rolu"ndan danışmağa meylli idik və Azərbaycanı daha çox bu yöndən tanıtmağa, onun maraqlarını bu yöndən qorumağa çalışırdıq. Amma İlham Əliyev bunun başqa yolunu, başqa tərəfini bizə göstərdi. Yəni insanlar bu cür tanıtmadan bəzi hallarda bezirlər və neqativ emosiyalar almaq istəmirlər. Hər bir kəs müəyyən qədər vaxtını sərf edib kiminləsə görüşə, hansısa tədbirə gəlirsə, hansısa kinofilmə baxırsa, teatra gedirsə, yalnız yaxşı "notlar" almaq, yaxşı əhval-ruhiyyədə olmaq istəyir. İlham Əliyev bu 10 ildə Azərbaycanı məhz mədəniyyəti, gözəllikləri, inkişafı, bizim millətə xas olan yaxşı keyfiyyətləri baxımından tanıtmağın yollarını müəyyən etdi. Bu da öz gözəl təsirini, effektini göstərməkdədir. Yəni bu 10 il ərzində İlham Əliyevin şəxsiyyəti, düşüncələri, mövqeyi, məsələlərə yanaşması, yeritdiyi siyasət, hansısa məsələni irəli aparmaq prinsipləri artıq Azərbaycan vətəndaşlarının bir çoxunun şəxsi düşüncəsinə, şəxsi yanaşmasına, şəxsi prinsiplərinə çevrilib".Onun sözlərinə görə, bu çoxtərəfli təsir dünyada Azərbaycan haqqında rəyi, ona qarşı münasibəti dəyişməyə xidmət edirsə, daha çox bizim özümüzə təsir edir, bizim özümüzün yaxşı mənada dəyişməyimizə təsir edir: "Bir ölkənin siyasətini dəyişmək olar, burada hakimiyyətə gəlmək, onu idarə etmək olar, iqtisadi nailiyyətlər əldə etmək olar, amma bu ölkənin vətəndaşını yeni dövrün vətəndaşına çevirmək hər kəsə nəsib olan bir iş deyil. İlham Əliyev şəxsiyyəti və İlham Əliyevin prezidentliyi məhz bu amilləri nəzərə aldı, məhz bu hədəflərə vurdu, bu məqsədlərə də nail oldu".B.Muradova qeyd edib ki, bu gün Azərbaycan cəmiyyəti, vətəndaşı içdən dəyişərək bu məsələlərə münasibətini bildirir, görülən işləri dəyərləndirir: "Ona görə də hesab edirəm ki, İlham Əliyevin bir prezident, bir şəxsiyyət kimi nailiyyətlərinin kökündə məhz onun özünün təsiri ilə Azərbaycan vətəndaşlarının dəyişməsi və məsələlərə məhz bu rakursdan, bu mövqedən qiymət verməsi dayanır. Dərk olunmuş münasibət, dərk olunmuş dəyərləndirmə, dərk olunmuş mövqe. Bax, budur. İlham Əliyev Heydər Əliyev siyasətinin daha bir çalarını məhz bu istiqamətdə üzə çıxardı. Yeni dövrün tələblərini nəzərə alaraq bu siyasətə öz əlavələrini etməklə, yaradıcı şəkildə yanaşmaqla yeni dövrün yeni vətəndaşını formalaşdırmağa nail oldu ki, o vətəndaş yenə növbəti 5 il üçün ona - məhz Heydər Əliyev siyasətini həyata keçirən qətiyyətli bir prezident, möhkəm iradəli bir şəxsiyyət olan İlham Əliyevə səs verməyə üstünlük verdi və digərlərinə də cəmiyyətdə öz yerini göstərdi.Hesab edirəm ki, dekabrın 24-ü hər bir Azərbaycan vətəndaşı üçün çox gözəl bir gündür. Bu, İlham Əliyevin özəl günüdür. Onun ad günü, doğum günüdür, ailəsinin, doğmalarının daha çox sevindiyi gündür. Ancaq mən əminəm ki, bu gün Heydər Əliyev siyasətinin və bu siyasətlə Azərbaycanın inkişafını istəyən hər bir Azərbaycan vətəndaşı buna sevinir. İlham Əliyevin varlığı, onun fəaliyyəti, yeritdiyi siyasət, prezidentliyi hər bir Azərbaycan vətəndaşının həyatını dəyişməyə, onun özünü dəyişməyə xidmət edən amil kimi qəbul edilməlidir. Ona görə də insanlar bu gün üçün sevinirlər. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşının ürəyindən İlham Əliyevi təbrik etmək kimi bir hiss keçir. Mən də bu gün münasibətilə İlham Əliyevin ailəsini, yaxınlarını, onun sədri olduğu Yeni Azərbaycan Partiyasının üzvlərini, bu siyasəti dəstəkləyən hər bir Azərbaycan vətəndaşını ürəkdən təbrik edirəm. Allahdan cənab Prezidentə uzun ömür diləyirəm və arzu edirəm ki, hər gün, hər an uğur onu müşayiət etsin. Çünki İlham Əliyevin qazandığı uğur şəxsi deyil, Azərbaycan xalqının, Azərbaycan dövlətinin uğurudur".

Mənbə: Milli.Az

24 dekabr 2013
GO BACK