Yeni yaşayış binalarının tikintisi ilə bağlı hesab edirəm ki, bu sahədə də daha ciddi nəzarət olmalıdır, özbaşınalıq olmamalıdır. Trend-in məlumatına görə, bunu dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda yekun nitqi zamanı deyib. Prezident bildirib ki, hətta bu yaxınlarda yeni köçürülmüş ərazidə, hansı ki, ictimai yerlərin yaradılması nəzərdə tutulurdu, bir də gördüm ki, orada bina qaldırırlar: "Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir? Dedi ki, belə şey ola bilməz. Dedim ki, gedin yoxlayın, necə ola bilməz?! Getdi yoxladı, gördü ki, bəli, qanunsuz bina qaldırırlar. O yer iki həftə nəzarətsiz qaldı, dərhal kimsə gəlib orada bina qaldırmağa başladı. Təbii ki, dərhal söküldü və o binanı orada tikmək istəyən də öz payını almalıdır". Dövlət başçısı vurğuladı ki,özbaşınalıq və anarxiya ola bilməz: "Qanunsuz tikirlər, sonra da gəlirlər bunu qanunsuz yollarla sənədləşdirirlər. Şəhərimizin bütün memarlıq ansamblı pozulur" İ.Əliyev hesab edir ki, yeni yaşayış binalarının tikintisi ilə bağlı məhdudiyyət qoyulmalıdır: "Hər bir layihə ciddi araşdırılmalıdır. Biz şəhərin mərkəzində bütövlükdə yeni binaların tikintisinə baxmalıyıq, bunları çox ciddi şəkildə məhdudlaşdırmalıyıq. Ona görə bu məsələlərə çox ciddi nəzarət olmalıdır və bu işlər planlı şəkildə görülməlidir. Bakının gələcək inkişafı ilə bağlı şəhərsalma konsepsiyası vardır, təsdiq edilibdir. Bax, bütün işlər onun əsasında görülməlidir".
Mənbə: Trend.Az