Bakıda 2500 manata Yeni il yolkası satılır. Yeni il ərəfəsində bayrama xüsusi hazırlıq gedir. Paytaxt sakinləri də yeni ili xoş əhval-ruhiyyə ilə keçirmək üçün yeni il atributlarını almağa başlayıblar. Ancaq təəssüf ki, bayramın əsas rəmzləri olan atributlar elə də ucuz deyil. Xüsusilə şəhərin mərkəzindəki mağazalarda. Anspress yazır ki, paytaxt dükanlarından yeni il üçün lazım olan atributları almağa 300-400 manat lazım olduğu halda, topdan satış yerlərində bu məbləğin yarısı ilə istədiyini bəzənmiş yolkanı və Şaxta baba oyuncağını almaq mümkündür. Belə ki, mərkəzi hissədə yerləşən mağazalarda böyüklüyündən asılı olaraq ağacların qiyməti 4 manatdan başlayır. Bu qiymət 2500 manatadək artır. Orta qiymətə yolka almaq istəyənlər isə ən azı 100-150 manat pul xərcləməlidirlər. Yeni ildə evinizi bəzəmək üçün lazım olan bər-bəzəklərin qiymətləri isə 50 qəpiklə 10 manat arasında dəyişir. Digər bəzək atributu olan şarın 6 dənəsi mağazalarda 1 manat 50 qəpiyə satılır. Şaxta baba kuklalarının qiymətləri isə heç də ucuz deyil. Şaxta babanın qiymətləri ölçüsünə görə 50 manatdan 400 manata kimi dəyişir. Uşaqlar üçün olan yeni il hədiyyələrinin qiymətlərinə isə nəzər salsaq, görərik ki, ən ucuz hədiyyə paketi 9 manat, nisbətən yaxşı və hədiyyələr ilə dolu paket isə 35-40 manatadır. Topdan satış mağazalarında isə qiymətlər paytaxt dükanları ilə müqayisədə xeyli ucuzdur. Belə ki, Sədərək bazarı kimi tanınan ticarət mərkəzində yolka qiymətləri 3-700 manat arasında dəyişir. Şəhər dükanlarında bər-bəzəklərin dənəsi 2-3 manata olduğu halda topdansatış yerlərində bu qiymətə 10 oyuncaq almaq mümkündür. Bəzəkli şarların isə 100 ədədi 1-3 manata satılır. Dizaynından və ölçüsündən asılı olaraq Şaxta babaların qiyməti 6 manatdan 200 manatadək dəyişir.
Mənbə: Milli.Az