Dünyada ilk xalça muzeyi kimi yaranan Azərbaycan xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində ölkəmizin müxtəlif yerlərində el sənətkarları tərəfindən toxunmuş xalça nümunələri var. Həmin xalçaların üzərindəki naxışlar Azərbaycanın milli mənəviyyatından xəbər verir. Həmin ənənələrin unudulmaması üçün muzey tərəfindən müsabiqə elan edilib. Müsabiqə yalnız xalça toxumağı bacaranlar üçün nəzərdə tutulmayıb. Xalça haqqında müəyyən hekayələr də qədim sənət barədə müəyyən bilgilər əldə etməyə imkan verir. “Nəsillərdən-Nəsillərə” adlı müsabiqənin şərtləri isə heç də çətin deyil.
Bunun üçün xalçaçılıq muzeyinə müraciət etmək yetərlidir. Müsabiqəyə qatılan şəxslərdən ailələrində xalça ilə bağlı baş vermiş maraqlı hekayətləri danışmaq xahiş olunur. Xalçalar haqqında nənələrimizin, babalarımızın dilindən eşitdikləri xalq deyimlərini muzeyə təqdim etsinlər. Müsabiqənin keçirilməsində əsas məqsəd isə, sovet dövründə itirilməyə başlayan xalçaçılığımızın özünəməxsus xüsusiyyətlərini bərpa etməkdir. Qalibi pul mükafatı gözləyir. Xalça kimi bir tarixi mənbəni böyük qayğı ilə qoruyan, onu bütün dünya xalqlarına tanıtdırıb, sevdirən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi bu sənətin yenidən yüksəldilməsi istiqamətində digər addımlar da atır. Xüsusən bölgələrdə - Qazax, Quba, Qarabağ kimi Azərbaycan xalça növlərinin elementlərinin öyrənilməsinə və öyrədilməsinə xüsusi diqqət yetirilir. Bu işdə muzey əməkdaşlarına kömək edənlər də az deyil. Hətta keçmişdə Azərbaycandan aparılan xalçaların bəziləri də geri qaytarılır. Onu da qeyd edək ki, hazırda Azərbaycan xalçaları bütün dünyaya ixrac edilir. Azərbaycan xalçalarını həmçinin UNESKO-nun qeyri-mədəni irs siyahısına daxil edilib. Azərbaycan xalçalarının sonu bitməyən məna çalarları var. Xalça hər zaman xalqımızın məişətində istilik, gözəllik və müalicə vasitəsi sayılıb. Həmin mənəviyyatı qoruyub gələcək nəsillərə çatdırmaq isə bugünkü nəslin qarşısında duran başlıca vəzifələrdən biridir.
Mənbə: Milli.Az