Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Tərtər rayonunun Qapanlı kənd sakini Vilayət Əliyevin ailəsi ötən gecəni təşviş və qorxu içərisində keçirib. Erməni hərbçiləri tərəfindən atılan güllələr onların evinin pəncərəsinə dəyib. Şüşələr qırılıb. Xoşbəxtlikdən, ailə üzvlərinə güllə dəyməyib. Vilayət Əliyev deyir ki, hadisə səhərə yaxın, saat 4 radələrində baş verib. Əliyevlər ailəsi səhər pəncərəyə dəyən 2 avtomat gülləsi tapıb. Ailə üzvlərinin gülləyə tuş gəlməməsi isə onların yeganə təsəllisidir. Qeyd edək ki, Tərtərin Qapanlı kəndi ilə erməni əsgərlərinin postları arasında 200-250 metr məsafə var. Yaxınlıqdakı erməni postu isə hündürlükdə olduğundan onlar kəndin istənilən nöqtəsini nəzarətdə saxlaya bilirlər.
Mənbə: Milli.Az