Qadin.NET / "Onun qiyməti hədsiz dərəcədə yüksəkdir, bu, ədalətsiz qaydadır"

"Onun qiyməti hədsiz dərəcədə yüksəkdir, bu, ədalətsiz qaydadır"

 

Avropanın ən yaxşı məşqçilərinin Cenevrədə keçirilmiş görüşündə Londonun “Arsenal” klubunun məşqçisi Arsen Venger UEFA-ya səyyar qollar barədə qaydanın ləğv olunmasını təklif edib. Xatırladaq ki, bu qaydaya əsasən, rəqib meydanında vurulan qollar daha qiymətli sayılır. AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, London klubunun məşqçisi öz fikrini əsaslandırmaq üçün nümunə kimi keçən il Çempionlar Liqasının pley-off mərhələsində “Arsenal”–“Bavariya” matçını göstərib. Xarici KİV-lər Arsen Vengerin aşağıdakı sözlərini sitat gətirir: “Səyyar qollar qaydası bizə baha başa gəldi. Bundan sonra mən UEFA-dan həmin qaydanın ləğv olunmasını xahiş etdim. Məsələn, biz burada “Bavariya”ya 1:3 hesabı ilə uduzduq və onun meydanında 2:0 hesabı ilə qalib gəldik. “Bavariya”nın meydanında öz qapımızdan heç bir qol buraxmadan 2:0 hesabı ilə qalib gəlmək asan məsələ deyil. Səyyar qolun qiyməti hədsiz dərəcədə yüksəkdir, bu, ədalətsiz qaydadır”. Məşqçi daha sonra deyib: “Adamlar mənim bu təklifimə təəccübləndilər. Mən isə düşünürəm ki, bu, müasir futbolun problemidir. Bəzən elə təsəvvür yaranır ki, komandalar öz meydanlarında yalnız qol buraxmamaq xatirinə oynayırlar. Belə matçlarda yerli komandaların məşqçiləri futbolçulardan ilk növbədə öz qapılarından top buraxmamağı xahiş edirlər”.

 

Mənbə: Milli.Az

23 dekabr 2013
GO BACK