Qadin.NET / Bakı Avtovağzalında qiymətlərə onlar nəzarət edəcəklər

Bakı Avtovağzalında qiymətlərə onlar nəzarət edəcəklər

 

Yeni İl bayramı ərəfəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksi müşahidə olunan sərnişin sıxlığını nəzərə alaraq artıq neçə vaxtdır gücləndirilmiş iş rejimində çalışır. Bunu APA-ya avtovağzalda fəaliyyət göstərən "M-Trans" nəqliyyat şirkətinin iqtisadiyyat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətləb Abidi bildirib. Onun sözlərinə görə, bayram günlərində ölkədə şəhərlərarası marşrutlarda sərnişindaşımada intensivliyin artması müşahidə olunarsa, əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılan avtobusların sayı artırılacaq. Bununla əlaqədar avtobuslar artıq hazır vəziyyətə gətirilib. M.Abidi həmçinin vətəndaşlara müraciət edərək, biletləri 10 gün öncədən almağa və ya "onlayn" rejimdə İnternet üzərindən sifariş verməyə çağırıb. Şəhərlərarası avtobus reyslərində son günlər müşahidə olunan syni qiymət artımına gəlincə isə M. Abidi qeyd edib ki, biletlərin satış qiymətlərinə heç bir rəsmi dəyişiklik edilməyib: "Qiymətlərin artması ancaq Tarif Şurasının qərarı əsasında baş verə bilər. Bununla bağlı kompleksdə 11 nəfərdən ibarət Qiymət intizamına nəzarət Komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz şəkildə artırılması halları ilə qarşılaşdıqları təqdirdə bu komissiyaya müraciət edə bilərlər". Qeyd edək ki, adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən təxminən 7 min sərnişin respublikanın müxtəlif şəhər və rayonlarına yola düşür. Adətən, bayram günlərində bu rəqəm 10 mini ötür. Həmçinin, adi günlərdə xəttə 300-350 avtobus buraxılırsa, bayram günlərində nəqliyyatın sayı təxminən 600-ü ötür. Bununla yanaşı "Azərbaycan Dəmir Yolları" QSC də bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Müəssisə ehtiyac yaranacağı təqdirdə sərnişin qatarlarına əlavə vaqonların qoşulmasını təmin edəcəyini bildirir. Biletlərin süni qiymət artımına dair isə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "APA-Economics"ə bildirib ki, Tarif Şurasının müvafiq əmri olmadan sərnişindaşıma tariflərində istənilən dəyişiklik qanunsuzdur.

 

Mənbə: Milli.Az

23 dekabr 2013
GO BACK