Azərbaycanda internet xidmətlərinin qiymətlərinin aşağı salınması üçün planlar hazırlanıb. Trend-in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.Nazirin sözlərinə görə, internetin qiymətlərində mütəmadi olaraq ucuzlaşma gedir. İnternet xidmətlərinin qiyməti adətən bazarda dövlət tərəfindən tənzimlənməyən qiymətlərdir. Lakin bu qiymətlərin əmələ gəlməsində dövlətin xidmətləri var: "Biz bu xidmətlərin qiymətlərinin aşağı salınması üçün planlar hazırlamışıq, yəqin ki, yaxın vaxtlarda açıqlanacaq. Bundan sonra isə böyük provayderlər ordusu da bundan istiffadə edib internetin qiymətlərini aşağı sala biləcək". Ə.Abbasov Azərbaycanın ilk süni peykindən əldə edilən gəlirlərə də toxunub: "Birinci peykin gəlirləri artmaqda davam edir. Təkcə bu ilin 6 ayında - əsas fəaliyyət göstərdiyi dövrdə təxminən 10 milyon dollar ixrac potensialından gəlir əldə edib və bu, artan xətlə inkişaf edir. Peykdən istifadədə əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır".
Mənbə: Milli.Az