Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Modern.az-a bildirib ki, artıq lisenziya alanlar fəaliyyətə başlayıblar. Dövlət rüsumunda heç bir bahalaşmanın olmadığını deyən Ə. Bağırov bu dəfə də lisenziyanın 60 manata verildiyini söylədi. “Onlar 2014-cü il yanvar ayının 13-ə kimi fəaliyyət göstərəcəklər. Şaxta baba kimi fəaliyyət göstərmək üçün lisenziya alanlar artıq iş başındadırlar. Parklarda, Dənizkənarı bulvarda görə bilərsiniz”. Ötən illərə nisbətən Şaxta baba olmaq istəyənlərin azaldığını deyən Departament sözçüsü onu da bildirdi ki, lisenziya üçün müraciətlər ildən-ilə azalır. “Ötən il 50 nəfər lisenziya üçün müraciət etmişdisə, bu günə kimi hələ ki, 18 nəfərə lisenziya vermişik. İldən-ilə müraciət edənlərin sayı azalır. Lisenziya almaq istəyənlərin hələ ki heç birindən imtina edilməyib”. Şaxta baba kimi fəaliyyət göstərənlər hər hansı kobudluq hallarına görə cəzalandırılmasına gəlincə, Ə.Bağırov belə bir hala görə heç kimin cəzalandırılmadığını söylədi. “Çünki belə hallar ümumiyyətlə olmur. Onlar buna biznes kimi baxırlar. Şaxta baba, Qar qız, fotoqraf - bunlar üçlükdə işləyirlər. Onlar buna biznes kimi baxırlar. Ona görə də heç kimə qarşı kobudluq etmirlər. Əksinə, bir müştəriləri çıxan kimi qabağına qaçırlar”.
Mənbə: Milli.Az