Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi fasiləsiz iş rejiminə keçib. APA-nın verdiyi məlumata görə, bu, qeyri-hökumət təşkilatlarına 2013-cü il üçün dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədardır. Qeydiyyat və Notariat Baş İdarəsi dekabrın 21-i və 22-də, şənbə və bazar günləri də iş rejimində olub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü il üçün QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin ilkin mərhələsi dekabrın 25-də sona çatır. Bu il ilk dəfə müsabiqədə iştirak edən QHT-lərdən 2013-cü il üçün dövlət reyestrindən çıxarışı da tələb olunur. Digər tərəfdən, qanunvericiliyə edilən son dəyişikliyə əsasən, bundan sonra QHT-lər il ərzində 4 dəfə dövlət reyestrindən çıxarış almalıdırlar. Bununla bağlı Ədliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq da təqdim edir.
Mənbə: Milli.Az