Professional yalançının 18 ortaq cəhəti varmış...Dünən Türkiyənin “Sabah” qəzetində də məhz bu mövzuya uyğun maraqlı bir materialla qarşılaşdım. “Yaxşı yalançının sahib olduğu 18 özəllik” başlıqlı bu məqalədə məsələnin alt qatları təhlil olunmuşdu.Hollandiyalı psixoloq Aldert Vrij heyəti ilə birlikdə “yaxşı bir yalançı”nın sahib olduğu cəhətlər barədə maraqlı bir araşdırma aparıb. Onların 18 ortaq özəlliyə sahib olduğunu ortaya çıxaran Vrij və heyəti ortaya çıxarıblar ki, bu şəxslər hətta ən professional müstəntiqləri belə incidə, onları çıxılmaz vəziyyətə sala bilərlər. Keçək həmin özəlliklərə. Praqmatik yalançılar heç bir şeydən qorxmur və narahatçılıq keçirmirlər. Vrij bildirib ki, bu şəxslər daim yalanlar danışır və planlarını da çox ağıllı şəkildə qururlar: “Danışanda sizi təsirləri altına almağa çalışırlar. Amma bunu edəndə də son dərəcə rahatdırlar və özlərinə inamları sonsuzdur”. İkinci bir özəllik isə yalançıların həqiqətdən çox da uzaqlaşmamağa çalışmalarıdır. Bu cür yalanlar, təbii ki, 180 dərəcəlik yalanlardan daha inandırıcıdır və daha az əziyyətlidir. Yəni “quyruqlu yalanlar”ı danışmaq ciddi fantaziya və beyin gimnastikası tələb edir. Professional yalançılar bu həssas ölçüyə xüsusilə diqqət edirlər. Zəka önəmlidir: yalançının ən vacib silahı onun ağlı, beyin gücüdür. Yalan danışan bir adam həmin yalanın yaratdığı, içindən çıxması çətin olan vəziyyətlərdən öz ağlı ilə yara almadan da qurtula bilir. Yalançı sürətlə düşünməsə... yandı... Sürətli düşünmə qabiliyyəti: Danışıqda fasilələr, “hımmm”, “ıııı” kimi mənası bilinməyən, amma tərəddüdü ifadə edən “sözcüklər” dinləyicilərdə şübhə yaradır. Ona görə də sürətlə düşünən və bir ayağı üzərində yalanlar uyduran yalançılar heç vaxt pis vəziyyətdə qalmır. Təcili vəziyyətlər üçün ilginc və orijinal fikirlər: Vrij bildirib ki, ən professional yalançı belə gözlənilməz bir sual və ya vəziyyətlə qarşılaşanda çaşa bilər. Bu tip situasiyalar üçün, daha dəqiqi, hər cür vəziyyətə uyğun yalanlar hər bir yalançının ehtiyat “baqajında” yer alır. Məlumatı xəsisliklə verirlər: Yalançılar onlara verilən sualları cavablandıranda minimum az məlumat verməyə çalışırlar. Beləliklə, detallarla bağlı suallar verilməsinin qarşını da hiyləgərcəsinə almış olurlar. Təsdiqlənməsi mümkün olmayan cavablar: Məlumatı gizlətmək də yalanın bir formasıdır. Bu halda “həqiqətən xatırlamıram”, “indi ağlıma gəlmir” tipli cavablar bəzən o anda uydurulmuş bir yalandan daha məqbuldur. Çünki həmin zaman nəyisə təsdiqləmə, əlavə suallara əlavə yalanlar uydurma əziyyəti aradan qalxır. Hazırlıqlıdırlar: Hiyləgər bir yalançı hər bir suala hazır cavabı olduğu üçün tərəddüdə yer vermir. İnsanlar sürətli cavabların doğru olmasına inanır.Mükəmməl natiq: Təsirli danışıq qabiliyyətinə malik olan yalançılar, sözlərlə oynayaraq, dinləyicilərin beynini qarışdıra bilir. Suallara verdikləri cavabların çox vaxt həmin suala aidiyyəti belə olmaz. Amma onlar bu bəzəkli cavabları ilə dinləyicini çaşdıra, ona verdiyi sualı unutdura bilər.Maska, təcrübə, inam... yalançıda hər üçü varSentimental maskalanma: Yalançılar həqiqi hisslərini maskalamaqda və bunun tam əksi olan bir təəssürat oyandırmaqda usta sayılırlar. inamı tamdır: Psixoloq bildirib ki, insan özünə inandığı zaman mübarizəni yarı-yarıya udmuş sayılır. Yalançılar da belədirlər. Onlar özlərinə və başqalarını aldatma məsələsindəki qabiliyyətlərinə çox inanırlar. Bəzən bu sahədəki “uğurları”nı da özünə inama borclu olurlar. Yalan məsələsində təcrübəlidirlər: Daha əvvəl yalan danışmağa öyrəşmiş olan insanlar qorxu və günahkarlıq kimi duyğularını ört-basdır etməkdə ustadırlar. Halbuki təcrübəsiz bir insanın bu hissləri davranışlarına da təsir edir və dərhal yalanını tuturlar.
Aktyorluq canlarında var: Bu insanlar ani dəyişikliklərlə çox rahat ayaqlaşa bilirlər və bunu edəndə də yaxın çevrələrini asanlıqla aldadırlar. Fiziki baxımdan çox cazibədardırlar: Psixoloqlar onu da sübut edib ki, çoxlarının nəzərində gözəl, yaraşıqlı insanlar çirkin tiplərdən daha dürüstdür. Onlar birincilərə daha çox inanmağa meyl edir. Xarici görünüş insanın yalana inanmasında vacib faktordur. Şübhələri oxuma qabiliyyətinə malikdirlər: professional bir yalançı dinləyicilərdə yarana bilən ən kiçik şübhə işartısını belə hiss edə və anında lazımi müdaxilələri etmə qabiliyyətinə malikdir. Yalan danışmaq üçün 4 səbəb varPsixoloqlar hesab edir ki, insanların yalan danışmağının 4 səbəbi var. Adətən qorxudan, cəzadan qaçmaq, statusunu qorumaq üçün və ya patoloji olaraq yalan danışırlar. Yalan həmçinin sosial və şəxsi xarakterlidir. Şəxsi yalanlar əsasən insanın öz mənafeyi üçün danışdığı yalanlardır. Belə yalanları danışanlar cəmiyyətdəki yerini qorumağa, özünü müdafiə etməyə çalışır. Sosial xarakterli yalanlar isə bəşəri yalanlardır. Bu tip yalanlar dünyada baş verə biləcək hər hansı fəlakətin qarşısını almaq üçün danışılır.Psixoloqların qadınlar, ya kişilər çox yalan danışırlar mövzusunda da ilginc yanaşması var. Onların böyük əksəriyyəti hesab edir ki, qadınlar kişilərə nisbətən daha çox yalan danışırlar. Səbəb isə odur ki, qadınlar sağ yarımkürəli olurlar. Yəni qadınlar daha çox fantaziyalara əsaslanır və yaradıcı olurlar. Kişilərdə isə sol yarımkürə daha çox inkişaf edir. Yəni kişilər daha çox məntiqə əsaslanırlar və konkretliyə üstünlük verirlər. Qadınların çox yalan danışmağının digər səbəbi isə onların uşaqlıqdan kişilərə nisbətən daha çox qadağalarla üzləşməsidir. Psixoloji amil kimi qadağa insanda yalan danışma kimi halları yarada bilir.Yalançının dərisi qızarır, ağzı quruyur, əlləri soyuyurYalan danışan insanlarda əksər hallarda bir sıra həm fizioloji, həm də psixoloji dəyişikliklər gedir. Psixoloji dəyişikliklər zamanı insan psixoloji gərginlik keçirir, çünki yalan danışdığını dərk edir. Daha sonra insanda qorxu hissi yaranır. Çünki insan yalanın açılacağından qorxur. Və nəhayət, emosional yüksəliş özünü göstərir. İnsan müxtəlif emosional hərəkətlər etməklə, yaxud üz cizgilərini süni şəkildə dəyişməklə yalanını gizlətməyə çalışır. Yalan danışan şəxsdə gedən bu psixoloji dəyişikliklər öz növbəsində fizioloji dəyişikliklərin yaranmasına səbəb olur.Amma yalançının yalanını tutmaq üçün maraqlı üsullar da var. Bu, özünü daha çox yalançının fiziki görüntüsündə hiss etdirir. İlk növbədə yalan danışan şəxsin dərisi qızarır, ağzı quruyur. Bəzən tərləmə halları baş verir. Göz bəbəkləri irilənir, əlləri soyuyur. Çünki yalan danışan zaman insanda qorxu hissi əmələ gəlir. Bu isə bədəndə adrenalinin çoxalmasına səbəb olur. Nəticədə bu hallar baş verir. Yalan danışan insanların bədən hərəkətləri də dəyişir. Daha sonra yalan danışdığı zaman insan daha çox burun və ağız nahiyəsinə, boyunun arxa nahiyəsinə, köynəyinin boynuna və ya gözünün alt hissəsinə toxunur. Bu ona görə baş verir ki, yalan danışan zaman bu nahiyələrdə yerləşən sinirlər kəskin qıcıqlanır. Gözlərin hərəkətinə görə də biz həmin insanın yalan danışıb-danışmadığını təxmin edə bilərik. Yalan danışan insanlar ilk növbədə gözlərini həmsöhbətindən qaçırırlar. Əgər insan informasiyanı verərkən göz bəbəkləri sağdan sola doğru hərəkət edirsə, bu daha çox insanın hansısa hadisəni və ya məlumatı beynində konstruksiya etdiyini göstərir. Yəni o, bu halda hadisələri təsəvvür edir.İnsan 3 dəqiqə ərzində 3 yalan danışa bilirKeçək araşdırmalara. Britaniyalı sosioloqların araşdırmaları nəticəsində məlum olub ki, 80% insanlar gündə ən azı bir dəfə yalan danışır. Elmi faktlar göstərir ki, orta hesabla 3 dəqiqə ərzində insanlar 3 yalan danışa bilirlər. Kişilər qadınlardan daha çox yalan danışırlar. İngilis araşdırmaçılarının fikrincə, kişilər bu əməllərinə görə, demək olar ki, vicdan əzabı çəkmirlər. “OnePoll” araşdırma şirkətinin əldə etdiyi nəticələrə görə, kişilər gündə 3 dəfə, ildə isə ən azı 1092 dəfə yalan danışırlar. Qadınlarda isə bu rəqəm gündə 2, ildə 728-dir. Kişilər daha çox pis vərdişlərini gizlətmək üçün yalan danışırlar. Qadınlar isə yalandan duyğularını gizlətmək üçün istifadə edirlər. Araşdırmanın daha bir maraqlı tərəfi isə yalana görə çəkilən vicdan əzabıdır. Belə ki, yalan danışan kişilərin çox cüzi hissəsi bu əməllərinə görə özlərini günahkar hiss edirlər. Britaniyada kişilərin daha çox nə barədə yalan danışması ilə bağlı eksperiment aparılıb. “Teleqraph”ın məlumatına görə, məlum olub ki, britaniyalılar ən çox telefona cavab verməmələri ilə bağlı yalan söyləyirlər. Bu, təxminən gündə 4 dəfəyə bərabərdir. Orta hesablamalara görə, hər bir britaniyalı kişi il ərzində 1500 dəfə telefona cavab verməməsi ilə bağlı rəfiqəsinə və ya arvadına yalan danışır. Ən böyük bəhanə isə “siqnalın olmaması” göstərilir. Bu üsula hər 4 britaniyalı kişidən 1-i əl atır. Kişilərin ən çox yalan danışdığı digər bir məqam isə onların çəkisi ilə bağlıdır. Belə ki, “köklər ölkəsi” adını almış bu dövlətdə kişilər qadınların diqqətini özlərinə cəlb etmək üçün çox vaxt çəkiləri barədə yalan məlumat verirlər.
Dünya üzrə geniş yayılmış və ən çox söylənən 10 yalan:
1. “Telefonum tutmurdu...”
2. “Üstümdə nağd pul yoxdur” (və ya “xırdam yoxdur”)
3. “Hər şey qaydasındadır”. (“Problem yoxdur”)
4. “Çox gözəl görünürsən”.
5. “Səni gördüyümə sevindim”.
6. “Sənə zəng edəcəm”.
7. “Biz sadəcə yaxın dostuq”.
8. “Bunu geyinəndə arıq görsənirsən”.
9. “Yoldayam, gəlirəm”.
10. “Yaxın vaxtlarda görüşək”.
Bəs siz hansı yalanları deyirsiniz? Sizcə, vəziyyəti xilas etmək üçün yalan danışmaq doğrudur? Kişilər daha çox yalan danışırlar, yoxsa qadınlar?
Mənbə: Milli.Az