Qadin.NET / Aşağılanan, heçə sayılan ölkə: günahkar bəlli

Aşağılanan, heçə sayılan ölkə: günahkar bəlli

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona növbəti səfərləri əsnasında Yerevana baş çəkiblər. Daha doğrusu, onlar əvvəlcə Bakıda oldular, sonra isə Ermənistan paytaxtına getdilər.Həmsədrlərin səfəri hələ noyabrın 19-da planlaşdırılmışdı və fransız, amerikalı, rus diplomatlar son illərdə artıq sayı itirilmiş vizitlərindən birini rutinlik səviyyəsindən çıxarda bildilər. Daha doğrusu, onlar erməniləri heyrətləndirməyi bacarıblar.Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik səfərindən əvvəl bəyan etmişdi: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesində Türkiyənin iştirakı da mümkündür. Bu məsələlərin həlli mənim səlahiyyətim çərçivəsində olmasa da, düşünürəm ki, danışıqlar prosesinin müəyyən mərhələsində Türkiyə önəmli rol oynaya bilər".Minsk Qrupunun həmsədrləri indiyədək belə açıq, mövzunun aşkar vurğulandığı bəyanat verməmişdilər və ermənilər də amerikalı həmsədrin açıqlamalarını "misli-bərabəri olmayan, heyrətamiz" adlandırıblar.Türkiyə illərdən bəri Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə qatılmağa çalışır, Ermənistan və Rusiya da buna mane olurlar. Minsk Qrupunun həmsədrləri də erməniləri "qıcıqlandırmamaq" məqsədilə rəsmi Ankaranı münaqişənin nizamlanması ilə bağlı müzakirələrdən kənar tutmağa çalışırdılar. İndisə, deyəsən, mövqelər dəyişir.Amerikalı diplomatın açıqlamasının təsadüf sayılması sadəlövhlük olardı, çünki bu açıqlama son vaxtlar regionda cərəyan edən proseslərin məntiqi nəticəsi də sayıla bilər.Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına qatılmaq üçün Türkiyənin XİN başçısı Əhməd Davudoğlunun Yerevana səfəri bölgədəki qüvvələr nisbətində yeniliklərin təzahür məqamlarından biridir.Ankara və Moskva arasında aparılan kuluar danışıqlar əslində illərdən bəri davam edir. Daha doğrusu, Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) iqtidara gəldiyindən bəri Ankaranın "sərhədlərdə sıfır problem" diplomatiyası bəlli zamanlarda çətinliklərlə qarşılaşaraq uğursuzluğa uğrasa da, "şimal istiqamət"də aktivlik səngiməyib.
 Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Rusiya ilə münasibətlərin intensivləşdirilməsi üçün sürəkli cəhdlər göstərir. Rəsmi Moskva da Ankaranın səylərini "dəyərləndirərək" öz maraqlarını təmin etməyə çalışır.ABŞ və Avropa Birliyinin Cənubi Qafqazdakı proseslərə təsirini minimuma endirməyə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən Brüssellə Vaşinqtonu mümkün qədər uzaq tutmağa çalışan Moskva geosiyasi orientirlərində müəyyən dəyişiklikləri istisna etmir.İlk öncə Cənubi Qafqazdakı təsir imkanlarının paylaşdırılması kursu dəqiqləşdirilib: Moskva bu bölgədə hələlik yalnız Türkiyə ilə "əməkdaşlıq"da maraqlı olduğunu bildirib.İşin ən ilginc yönü odur ki, bununla da Rusiya əzəli rəqibi və geosiyasi düşməni ABŞ-ın maraqlarını təmin edir, İranın bölgədəki maraqlarını zəiflətməyə yönəlmiş addımlar atır.
Minsk Qrupunun amerikalı həmsədrinin Türkiyə ilə bağlı açıqlaması və rəsmi Ankaranın onilliklərdən bəri can atdığı məqsədin reallaşa biləcəyinə işarə vurması da yeni proseslərdən qismən razı qalmasına işarədir.İranın regional aktivliyinin minimuma endirilməsi Birləşmiş Ştatların birbaşa maraq dairəsində olduğundan Ankara-Moskva sövdələşməsinə amerikalılar hələlik barmaqarası baxırlar.Lakin bu, Rusiya və Türkiyənin təşəbbüslərinin ABŞ tərəfindən laqeydliklə izlənməsi anlamına gəlmir. Doğrudur, Türkiyənin Dağlıq Qarabağ danışıqlarına cəlb olunmasını amerikalılar da istəyir - amma öz variasiya, ssenari və kurslarına uyğun olaraq."Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə Türkiyənin cəlb olunması istisna deyil" tipli açıqlamanın ilk dəfə məhz amerikalı həmsədr tərəfindən gündəmə gətirilməsi gözlənilən olaydı. ABŞ türkləri öz tərəfinə çəkmək, Türkiyənin nizamlanma prosesində məhz "Vaşinqton ssenarisi" ilə iştirakını təmin edərək Cənubi Qafqazda Moskva-Ankara təmaslarını zəiflətmək istəyir.Rusiya və ya ABŞ ilə diplomatik kulislərdəki danışıqların nəticələrindən asılı olmayaraq, Ermənistanın növbəti ağır zərbə aldığı göz qabağındadır.Amerikalı həmsədrin bəyanatının Türkiyənin XİN başçısı Ə.Davudoğlunun Yerevana səfərindən çox qısa müddət sonra səslənməsi Ankaranın şirnikləndirilməsi ilə bağlı ABŞ ilə Rusiya arasındakı rəqabətin, daha konkret olsaq, qarşıdurmanın güclənməsindən xəbər verir.Geosiyasi oyuna artıq Avropa Birliyi də qoşulmaqdadır.Bütün bunlar Ermənistanın proseslərdən kənarlaşdırılması, neytrallaşdırılması və bölgədəki diplomatik manevr imkanlarının heçə endirilərək fəallığının dondurulması fonunda baş verir.
Özü də rəsmi Yerevanı bu formada aşağılayan, ermənilərin dövlətini heçə sayan onların ağası, hamisi, rəsmi ifadələrlə isə "strateji tərəfdaşı və sadiq müttəfiqi" Rusiyadır.Prezident Serj Sarkisyan rejiminin idarə etdiyi Ermənistan xarici siyasətində Moskvanın razılığı olmadan bir addım atmadığından və şimaldan aldığı əmrlər əsasında addımlar ataraq qərarlar verdiyindən öz maraqlarının təminatı istiqamətində heç nə edə bilmir. Ermənilər istəsələr belə, belə imkanlardan bilmərrə məhrumdurlar.Ona görə də ABŞ ilə Avropa Birliyi hadisələrə hər hansı formada dəyişikliklər edərək Ermənistanla birbaşa təmaslar qurmağa ehtiyac görmürlər.Başqası tərəfindən idarə olunanla danışmağa nə zərurət: onun ağası ilə bilavasitə müzakirələr aparılırsa, izafi mükalimələr mənasız təsir bağışlayır.Beləcə, Ermənistan aşağılanıb, regional proseslərdən kənarlaşdırılıb, geosiyasi aktivliyi heçə endirilib.Zaman və imkanlar isə ermənilər üçün kritik minimum səviyyəsindədir.
Mənbə: Milli.Az
23 dekabr 2013
GO BACK