Dekabrın 31-i - bu tarixi səbirsizliklə gözləyən insanlar var. Axı bayramların gəlişi ilə bir həftəlik qış tətili başlayır. Kimisi gərgin iş reüjimindən uzaqlaşıb bir neçə gün sakitliyə çəkilmək istəyir, kimisi bayramı dostlarının və yaxınlarının əhatəsində keçirir, kimisi də istirahət günlərini daha çox dəyərləndirib, tətillərini xarici ölkədə keçirmək istəyirlər. Elə bu səbəbdən də yeni ilin gəlişi turizm şirkətlərinin işinə ciddi təsir edib. Turizim şirkətinin nümayəndəsi Mübariz Məmmədov APA TV-yə deyib ki, ötən aylarla müqayisədə tur paketlərinin qiymətində artım müşahidə edilir: "Artım həm biletlərdə, həm də otellərdə müşahidə edilir. Elə olur ki, otellərdə yer tapmaq olmur. Hazırda Dubaya və İstanbula getmək üçün müraciət edənlər üçün yerlər dolub. Çünki tək Azərbaycandan deyil, digər ölkələrdən də müraciət edildiyindən otellərdə yerlər yoxdur və olan yerlərin də qiyməti artıb". Mütəxəsis deyir ki, səfərə getmək istəyənləri iki qrupa ayırmaq olar ki, əgər birinci qrupa aid olan turistlər qarlı ərazilərə - daha çox Türkiyədə Ulu dağa, İstanbula, Gürcüstanda Tiflis və Bakurianiyə üz tuturlarsa, ikinci qrup şəxslər isə isti ölkələrə xüsusilə də Dubaya səfər edirlər. Ötən illərlə müqayisədə bu il Azərbaycandan Ukrayna və Misirə səyahətə gedənlərin sayı isə nəzərə çarpacaq dərəcədə azalıb: "Misirə artıq bir müddətdir ki, gedənlərin sayı azalıb. Məsələn, bu ilin yeni ili üçün Misirə bilet alanlar yoxdur. Amma Ukraynaya gedişə son bir ayın münaqişəsi təsir edir. Əvvəllər Ukraynaya gediş həddindən artıq idisə, bu il demək olar ki, yoxdu".
Mütəxəsislər deyir ki, son aylar Rusiyanın miqrasiya siyasətinin nəticəsi olaraq vətəndaşlarımızın həmin ölkəyə gedişinin sayı da nəzərə çarpacaq dərəcədə azalıb. O ki, qaldı daxili turizmə, müsahibim bildirdi ki, yeni il ərəfəsində Qusar və Qəbələ rayonları istiqamətində səfərlərin sayı artıb. Xarici turizimdən fərqli olaraq daxili turizimdə hələ ki, qiymət artımı müşahidə edilmir.
Mənbə: Lent.Az