Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İranın «Mehr» xəbər agentliyinin qonağı olub və bir sıra sualları cavablandırıb. APA-nın məlumatına görə, C.Axundov bildirib ki, UNESCO tərəfindən Azərbaycan adına qeyri-maddi mədəni irsi siyahısına salınmış tar bir növ azərbaycanlı sənətkarların böyük dəyişiklik etdiyi musiqi alətidir: «Azərbaycanlı tarzən və bəstəkar Sadıqcan (Mirzə Sadıq) uzun müddət tar musiqi aləti üzərində iş və islahatlar aparıb. Belə ki, Qarabağ bölgəsinin Şuşa şəhərində yaşamış bu sənətkar simlərin sayını 5-dən 11-dək artırıb. Biz də bu musiqi alətini UNESCO-da qeydiyyatdan keçirmişik». Onun sözlərinə görə, İranın çox zəngin mədəniyyəti var: «Bu ölkə minlərlə əsərini UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısında qeydiyyatdan keçirə bilər. Məsələn, İran Kirman, İsfahan, Nain və Kaşanın xalçatoxuma metodlarını, İsfahanın şəhərsalma sistemlərini, İsfahan, Yəzd, Bəm və s. şəhərlərin memarlıq üslublarını UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısında qeydə aldıra bilər». C.Axundov həmçinin deyib ki, Azərbaycanın İranda 4 ildir səfiri işləyir: «Bu müddət ərzində İranda Azərbaycan, Azərbaycanda İran mədəniyyət həftələrini keçirmişik. Gələn ilin may ayının ortalarında da İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək». Eyni zamanda səfir İran telekanallarının Azərbaycan kinoları və seriallarına biganəliyindən də danışıb: «Azərbaycan telekanallarında rejissoru Kamal Təbrizi olduğu «Şəhriyar» seriyalı yayımlanır. Yəni, biz İran seriyallarını yayımlasaq da, ancaq burada Azərbaycan kinoları və seriyallarına nə üçün laqeyd yanaşıldığı tənqid olunmalıdır. Biz ortaq mədəniyyətə malik olduğumuzdan onu gücləndirməliyik».
Mənbə: Lent.Az