Qadin.NET / Qara məkanın qara bəxti: indi nə olacaq?

Qara məkanın qara bəxti: indi nə olacaq?

 

Fransa Mərkəzi Afrika Respublikasında (MAR) hərbi əməliyyatlara başlayıb. Beləliklə, fransızlar Liviya və Malidən sonra daha bir Afrika ölkəsində güc nümayişinə start veriblər.
Fransanın MAR-da hərbi mövcudluğu bu ölkədə gedən vətəndaş müharibəsi fonunda həyata keçirilir. 2013-cü ilin yanvarında MAR hökuməti ilə müxalifət arasında barışıq razılaşması imzalanıb və barışığa əməl edilməsinə nəzarəti fransalı sülhməramlılar həyata keçirirlər. Amma artıq martda ölkədə vəziyyət yenidən kəskinləşib. İslamçı "Seleka" qruplaşması ölkə paytaxtı Banqini ələ keçirib. Ölkənin devrilmiş rəhbəri Fransua Bozize ölkədən qaçmağa məcbur olub. Qiyamçıların lideri Mişel Cotodiya isə özünü prezident elan edib. O vaxtdan MAR-da hərbi toqquşmalar daha şiddətli xarakter alıb.
 Mişel Cotodiya tezliklə "Seleki"dən olan radikal silahdaşlarından ayrılıb. Amma bu, ona son günlər ölkədə davam edən qanlı toqquşmaları önləməyə kömək etməyb. MAR-da islamçılarla silahlı xristian qruplaşmalar arasında qanlı toqquşmalar davam edir. Ölkə əhalisinin, təxminən, 10%-nin bitmək bilməyən toqquşmalar üzündən ev-eşiyini tərk etmək məcburiyyətində qalması, 1 milyonadək insanın ərzaq çatışmazlığından əziyyət çəkməsi vəziyyəti daha da ağırlaşdırır. Rəsmi məlumata görə, MAR əhalisinin 70%-i (ölkə əhalisinin sayı 4,5 milyondan artıqdır) yoxsulluq həddində yaşayır.
Fransa MAR-da yaşananlara reaksiya verərək, bu ölkədəki hərbi kontingentinin sayını 410 nəfərdən 2 min nəfərə çatdırıb. MAR-a hərbi müdaxiləni BMT Təhlükəsizlik Şurası da dəstəkləyib. Xristian əhali ilə "Seleka" yaraqlıları arasında döyüşlərin "tammiqyaslı soyqırıma çevrilə biləcəyini" etiraf edən TŞ 1,2 min Fransa və 3,6 min Afrika hərbçisinin (Afrika Şurasının hərbçiləri) iştirakı ilə MAR-a hərbi müdaxiləyə "hə" deyib. Parisi bu məsələdə ABŞ da dəstəklə-yib. Pentaqon Burundidən MAR-a hərbi kontingentin atılması üçün Fransaya öz hərbi-nəqliyyat avsiasiyasını təklif edib.
Fransa hərbi kontingenti MAR-da ekstremistlərin tərk-silah edilməsi ilə məşğuldur. Artıq fransızlar Bangiyə nəzarəti ələ alıblar. Hazırda onlar paytaxtdan ölkənin içərilərinə doğru irəliləyirlər.
Beləliklə, Paris bu il ərzində Afrikada ikinci hərbi əməliyyata başlayıb. Parisin iddiasına görə, onun əsas məqsədi ölkədə qayda-qanun yaratmaq, xaosu önləmək, dinc əhali arasında tələfata imkan verməməkdir. Buna Afrika dövlətlərinin özlərinin mövcudluqlarına, inkişaflarına mane olan təhlükələrlə bacarmamaları zəmin yaradır.
Fransanın bu yanaşmasının tarixi izahı var. Keçmişdə Qərbi və Mərkəzi Afrikanın bir sıra ölkələri Fransanın müstəmləkəsi olub. Bu üzdən Paris onları öz nüfuz dairəsi kimi qəbul edir. Amma son illərdə "Afrika polisi"nin rolu Fransaya çox baha başa gəlir. 2005-ci ildən Fransanın xaricdəki hərbi əməliyyatlara ayırdığı büdcə 2 dəfə artıb və 2013-cü ildə 1,25 milyard avroya çatıb. Bunun 650 milyonu Malidə bu yaxınlarda keçirilmiş əməliyyatlara xərclənib. Afrikanın müxtəlif bazalarındakı 5,5 minlik hərbi kontingent Fransaya illik, təxminən, 400 milyon avroya başa gəlir.
Bəs Avropada ümumi iqtisadi böhranın yaşandığı hazırkı dövrdə Fransanın Afrikadakı hərbi fəaliyyəti nə ilə bağlıdır? Axı Fransua Olland ölkəyə rəhbərliyə başlayarkən Parisin "Qara qitə"dəki fəallığının məhdudlaşdırılacağını, bunun yalnız "mənəvi dəstək"dən ibarət olacağını deyirdi.
İlk növbədə, məşhur sivilizasiya amilini nəzərə almaq lazımdır. Qərbin avanqard fövqəldövlətlərindən olan Fransa özünü ekstremizlə mübarizədə fəal olmağa borclu sayır. Paris milli maraqları zonasına daxil olan ölkələrin daxili işlərinə müdaxilə etməsi də əsasən Afrikada radikal islamın yayılmasına imkan verməmək niyyəti ilə əsaslandırır. Malidə də belə olub, hazırda MAR-da da belədir.
Amma bir çox analitiklər Parisin məqsədinin heç də yalnız ekstremistlərdən gələn təhlükəni önləmək olduğunu düşünmürlər. Onun üçün Afrika ölkələrinin təbii resurslarına nəzarət etmək də ciddi səbəbdir. MAR-ın özü zəngin qızıl, almaz yataqlarına, qiymətli ağaclara və urana malikdir. Uran hasilatı isə Fransanın enerji təhlükəsizliyində strateji əhəmiyyət daşıyır. Çünki bu ölkənin iqtisadiyyatı 75% məhz atom enerjisindən asılıdır.
Daha bir son dərəcə önəmli məqam: inkişaf etməkdə olan nəhəng fövqəldövlətlər, ilk növbədə, Çin bu regionda mövqelərini kifa-yət qədər möhkəmləndirməkdədir. Çinlilərin fəallığı fransızları Kamerun, Konqo, Kot-d'İvuar kimi ölkələrdəki liderlik mövqeyini itirməsinə səbəb olur. Son zamanlar artıq Paris Pekinin onun keçmiş müstəmləkələrinə onlarca milyard dollar investisiya yatırmasını sakitcə izləməklə kifayətlənmir. Bu yaxınlarda keçirilmiş Fransa-Afrika biznes-forumunda Fransanın iqtisadiyyat və maliyyə naziri Pyer Moskoviçi açıq şəkildə deyib: "Afrika Fransaya lazımdır!". O, bu sözünün təsdiqi kimi, növbəti ildə Parisin Afrikaya yatıracağı investisiyanın 10 milyard avrodan 20 milyard avroya qaldırılacağını söyləyib. Fransızlar Niger və Malidə uran yataqlarının işlənməsnə dair perspektivli tenderləri də qazanmağa, "Total" şirkəti üçün enerji sahəsində yeni müqavilələr əldə etməyə də çalışırlar.
Bütün bu amillər göstərir ki, Paris "Afrika polisi" rolunu oynamaqla, "Qara qitə"də iqtisadi mövcudluğunu gücləndirməyə çalışır. Prezident Fransua Ollandın hərbi sahədəki fəallığı da buna hesablanıb. O, Parisdə 40-dan artıq Afrika ölkəsi liderinin iştirakı ilə forum təşkil edərək onlara dostluq niyyətlərini çatdırmağa, eyni zamanda, müharibələrin tüğyan etdiyi Afrika regionuna səfərlər etməyə macal tapır. MAR paytaxtı Bangiyə səfər edən Olland özünün köhnə Fransanın imperiya adət-ənənələrinə uyğun olaraq, qürur hissi ilə uzaq Afrika ölkəsində qayda-qanun yaradan fransız ordusunun qarşısından keçən triumfator-prezident obrazını bir daha nümayiş etdirmək imkanının əldən verməyib. Bu obraz həm də Fransanın özündə populyarlığını sürətlə itirməkdə olan Ollanda daxili məqsədlər üçün də lazımdır.
Mənbə: Region Plyus
21 dekabr 2013
GO BACK