Yeni ili qarşılamağımıza sayılı günlər qalıb. Yeni il deyəndə ağıla ilk gələn fikir məhz Şaxta baba olur. Müxtəlif ölkələrdə bu ağsaçlı, ağsaqqallı baba müxtəlif cür adlandırılsa da, hamının sevimlisidir. Bir çox insanları bu obrazın yaranma tarixi maraqlandırır. Adətən Şaxta baba və Santa-Klaus eyniləşdirilir. Azərbaycanda Şaxta baba, Rusiyada Ded Moroz, Türkiyədə Noel baba, Amerika və İngiltərədə Santa-Klaus kimi tanınan bu xeyirxah şəxs dünyanın hər yerində eyni statusla çıxış edir və hər kəsə sevinc bəxş edir. Anspress xəbər verir ki, Santa-Klaus və ya Milad baba Şimali Amerika qəhrəmanıdır. Mənbələrdə o, Yeni ilin səxavətli elçisi adlandırılır. Müqəddəs Klausun vətəni Laplandiyadır. Mənşəyinə görə, Santa-Klaus kasıb və çoxuşaqlı ailələrə gizli hədiyyələr verərək yardım göstərib. Klausdan sonra bu ənənə Avropa ölkələrində də davam edir və avropalılar Milad ərəfəsində uşaqlara hədiyyələr almağa başlayırlar. Şimali Amerika ədəbiyyatında və təsviri sənətində Santa-Klaus öz ağ saqqalı, qırmızı kürküylə 8 maral qoşulmuş arabasında Milad gecəsi peyda olur. Onun maralların adları da var və təsadüfi seçilməyib. Maralların Çevik, Rəqqas, İldırım kimi adları onların əsas xüsusiyyətlərini daşıyır. Amerikan folkloruna görə isə, bu maralların başçısı Rodolf adlı qırmızı burnu ilə seçilən güclü maraldır. Santa-Klaus sobaların borusundan evlərə daxil olur. Sobanın yanından asılmış corabların içinə uşaqlar üçün hədiyyələr qoyur. Böyük və ya kiçikliyindən asılı olmayaraq yeni ildə alınan bu hədiyyələr ona inananların ürəyincə olur. Əfsanəyə görə, Santa-Klaus heç də bütün uşaqlara hədiyyə vermir. İl ərzində özünü pis aparan, nadinc uşaqlar Milad günü qorxunc bədheybət olan krampusla qarşılaşırlar.
Mənbə: Milli.Az