Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya təbrik məktubu göndərib. Milli.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir: "Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Yaponiya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi, iqtisadi və humanitar əlaqələrimiz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir. İnanıram ki, dövlətlərarası münasibətlərimizin genişlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Mənbə: Milli.Az