BlackBerry şirkəti Tayvanın müqavilə üzrə işləyən elektronika istehsalçısı Foxconn şirkəti ilə əməkdaşlıq edəcək. Əməkdaşlıq sazişinin şərtlərinə görə, BlackBerry və Foxconn inkişaf etməkdə olan bazarlar üçün birgə ucuz smartfonlar hazırlayacaqlar. Aparatları Tayvan şirkəti istehsal edəcək. Əməkdaşlıq sazişi beş il müddətinə imzalanıb. İlk partiya 2014-cü ilin əvvəlində tədarük ediləcək. Smartfonlar BlackBerry 10 əməliyyat sistemi ilə işləyəcək. TechCrunch bloqu şirkətin direktoru Con Çenə istinadən dəqiqləşdirib ki, BlackBerry şirkəti təklikdə bahalı aparatların hazırlanması ilə məşğul olacaq. Milli.Az ICTnews-a istinadən bildirir ki, BlackBerry, həmçinin üçüncü rüb üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin zərəri 1,2 milyard dollar olub. BlackBerry şirkəti son illər bazarda Apple və Android platforması ilə işləyən aparat istehsalçılarından xeyli geri qalıb. Kanada şirkəti 2013-cü ilin əvvəlində yeni əməliyyat sistemi çıxarmaqla mövqeyini möhkəmləndirməyə çalışıb. 2013-cü ildə BB10 ilə işləyən dörd smartfon çıxarılıb ki, onlara da tələbat aşağı olub. Şirkətin hesabatına əsasən, üçüncü rübdə 4.3 milyon smartfon satılıb ki, onların yalnız 1.1 milyonu yeni əməliyyat sistemi ilə işləyir.
Mənbə: Milli.Az