Ermənistan Türkiyənin xoşməramlı jestlərinə adekvat cavab verməyə hazır deyil Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun ötən həftə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək məqsədilə İrəvana etdiyi səfər Ermənistan-Türkiyə barışığı ətrafında sönmüş ajiotajı yenidən canlandırıb. Davudoğlunun Ermənistana yollanmağa hazırlaşması haqda xəbər çoxları üçün sürpriz oldu. Çünki Türkiyənin bu səviyyədə olan rəsmiləri 2009-cu ildən Ermənistana səfər etmirdilər. Prezident Abdullah Gülün 4 il əvvəlki səfəri (erməni həmkarı Serj Sarqsyanla birlikdə iki ölkənin futbol üzrə milli komandaları arasında matçı izləmək məqsədi ilə) iki ölkə arasında diplomatik əlaqələrin bərpasına yönəlmiş siyasətə start verilmişdi. Məlum olduğu kimi, proses davam etmədi, bu siyasət isə yaddaşlarda "futbol diplomatiyası" kimi qaldı. İki ölkə arasında Türkiyə tərəfindən 1993-cü ildə Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları işğal etməyə başlamasından sonra bağlanmış sərhədlər açılmadı. Amma tərəflər arasında 2009-cu ildə Sürixdə imzalanmış və Qərbin fəal şəkildə lobbiçilik etdiyi protokollar əsasında münasibətlərin normallaşdırılması ideyası qalmaqdadır. İrəvanın Ankara ilə münasibətlərin normallaşdırılması üçün atmalı olduğu ilk addımdan – işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaqdan imtina etməsi fonunda bu ideyanı unutmaq olar. Çünki ötən 4 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir irəliləyiş baş verməyib. Ermənistan heç bir imtiyaz qarşılığında Azərbaycan torpaqlarını işğaldan azad etməyi düşünmədiyini göstərir. Beləliklə, Türkiyə XİN başçısının Ermənistana səfərə hazırlaşması haqda xəbər hər kəs üçün gözlənilməz oldu. Səfər ərəfəsində hər iki tərəfin diplomatik dairələrində müxtəlif gizli mənbələrə istinadən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün razılaşmanın, hətta hansısa "yol xəritəsi"nin hazırlandığı da deyilirdi. Amma mərhələli xarakter daşıyan bu plan Ermənistanda və Türkiyədə fərqli idi. Məsələn, Ermənistan XİN-dəki mənbələr "yol xəritəsi"nin 3 konkret addımı nəzərdə tutduğunu bildirirdilər: Ankaranın 1915-ci ildə baş vermiş "erməni soyqırımı"nı tanıması, dünya və ermənilik qarşısında buna görə öz məsuliyyətini etiraf etməsi; Ermənistan-Türkiyə sərhədlərinin açılması və tərəflər arasında diplomatik münasibətlərin qurulması; yalnız bundan sonra Türkiyənin Qarabağ münaqişəsinin nizamlanması prosesində sülhməramlı iştirakı. Türkiyə tərəfi isə fərqli plandan danışırdı: Ermənistan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu işğaldan azad edir ("sızdırılan məlumat"larda daha çox iki rayondan danışılırdı), bundan sonra Türkiyə Ermənistanla sərhədləri açır. Bəzi məlumatlara görə, bu variant Türkiyə ilə Rusiya arasında da razılaşdırılıb və Ermənistan tərəfindən qəbul edilib. Hər iki variant region ölkələrində, ilk növbədə, Ermənistanda qızğın müzakirələrə səbəb olub. Erməni ictimaiyyəti buna son dərəcə mənfi yanaşır, xüsusilə Türkiyəyə qarşı ərazi iddialarından imtina, Azərbaycanın işğal altındakı rayonlarının birinin belə, boşaldılması ermənilər tərəfindən yolverilməz sayılır. Davudoğlunun İrəvana səfəri zamanı erməni ictimaiyyətinin hiddətlənmiş nümayəndələri etiraz aksiyasına da çıxmışdılar. Ermənistan KİV-in məlumatına görə, hətta Davudoğlu etiraz aksiyasının iştirakçıları ilə rastlaşmamaq üçün mehmanxanaya arxa qapıdan girməli olub.
Amma bu, Türkiyə KİV-in qeyd etdiyi kimi, Ermənistana münasibətlərin normallaşdırılması təklifi ilə yollanmış Əhməd Davudoğlunun İrəvanda üzləşdiyi yeganə pərtlik deyildi. O, arqumentlərinin çəkisini artırmaq üçün Ermənistana erməni-əsilli jurnalistlər də aparmışdı. İstənilən halda, Davudoğlunun İrəvana səfəri göstərib ki, ermənilər Türkiyə ilə münasibətləri normallaşdırmaq planı üzərində düşünürsə belə, bunu qətiyyən Ankaranın planı əsasında etmək fikrində deyil.
Türkiyə KİV-in məlumatına görə, Davudoğlu Ankaranın münasibətlərin normallaşdırılması planını Ermənistan prezidenti Serj Sarqsyanla da müzakirə etmək fikrində olub. Lakin onlar arasında görüş baş tutmayıb. Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan Sarqsyanın türkiyəli nazirlə görüşmək niyyətində olmadığını bildirib. O, dövlət başçısının bu mövqeyini Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsini Dağlıq Qarabağ münaqişəsi kontekstində müzakirə etmək istəməməsi ilə əsaslandırıb.
Nəticədə, Ə.Davudoğlu erməni həmkarı ilə görüşlə kifayətlənməli olub. Tərəflərin ikitərəfli görüşdə münasibətlərin normallaşdırılması ilə yanaşı, Dağlıq Qarabağ problemini də müzakirə etdikləri bildirilir. Amma hər iki nazirin mətbuatla birlikdə deyil, ayrı-ayrılıqda görüşmək qərarı verməsi onların heç bir məsələdə razılıq əldə etmədiklərini göstərən məqam sayıla bilər. Ən maraqlısı isə Davudoğlunun Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında Ankara ilə İrəvan arasında Ermənistanın Azərbaycanın iki rayonunu işğaldan azad etməsi haqda razılaşmanın olduğuna dair məlumatları təkzib etməsi idi. Qeyd edək ki, bu məlumatlar məhz Türkiyə tərəfindən yayılmışdı. "Bu haqda yayılmış bütün xəbərlər jurnalistlərin işidir. Bütün bu məlumatlar bu istiqamətdəki keçmiş planlara əsaslanır", – deyə nazir qeyd edib. Türkiyəyə qayıtdıqdan sonra isə Davudoğlu ermənistanlı həmkarı ilə apardığı danışıqların bəzi motivlərini açıqlayıb. O, Nalbandyanla görüşdən çox razı qaldığını, görüşün səmimi şəraitdə keçdiyini bildirib. Bununla yanaşı, Ə. Davudoğlu görüşdə əsas məqsədin Türkiyə-Ermənistan sərhədlərinin açılması deyil, ümumi sülhün əldə edilməsi üçün əsasların yaradılması olduğunu söyləyib. "Bütün bunlar üç dayaq üzərində qurulur. Birincisi, Türkiyə ilə Ermənistan arasında münasibətlərdir. İkincisi, Azərbaycan-Ermənistan münasibətləridir. Burada söhbət gürcü-abxaz münasibətləri də daxil olmaqla, Cənubi Qafqazda sülhə nail olunmasından gedir. Üçüncüsü, harada yaşamalarından asılı olmayaraq, türklərlə ermənilər arasında münasibətlərdir - istər Los-Ancelesdə olsun, istər Parisdə, istərsə də Moskvada. Bu dayaqlardan biri çat verərsə, fəlakət olacaq. Deyək ki, biz Ermənistanla sərhədləri açdıq. Ermənistanla Azərbaycan arasında müharibə bərpa olunarsa, biz sərhədləri yenidən bağlamalı olacağıq. Ən çətin iş status-kvo aysberqinin əridilməsidir. Onu əritməyə çalışarkən, müharibəyə yol aça bilərik. Buzu sürətlə əritməyə cəhd edilərsə, o, sına bilər. Bu halda biz özümüz onun altında qalarıq", – deyə Ə. Davudoğlu qeyd edib.
Beləliklə, göründüyü kimi, Davudoğlunun Ermənistana səfəri bəzilərinin gözləntilərinin əksinə olaraq, regionda heç bir hərəkətliliyə, vəziyyətin sabitləşməsinə doğru dəyişikliyə yol açmadı. Tərəflərin bəyanatlarından görünür ki, onlar əvvəlki mövqelərində qalırlar. İrəvan Ankaranın münasibətlərin normallaşdırılması ideyasının Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirməsinə qarşı çıxır və bu istiqamətdə hər hansı şərti qəbul etməkdən boyun qaçırır. Bütün bunlar meydana Türkiyə xarici işlər nazirinin İrəvan səfərinin əsl motivləri haqda suallar çıxarır. Deyəsən, onlar birbaşa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil. Çünki erməni tərəfi, ən azı, ictimaiyyətə bu məsələdə kompromisə getməyə hazır olmadığını nümayiş etdirdi. Ola bilsin, Türkiyə tərəfi, sadəcə, Qərbin təzyiqləri fonunda Ermənistanla münasibətlərin normallaşdırılması prosesində müəyyən canlanma yaratmağa çalışır. Qeyd edək ki, Davudoğlunun İrəvan səfəri öncəsi ABŞ Dövlət Departamenti səfərin iki ölkənin yaxınlaşmasına ciddi töhfə verəcəyinə ümidini ifadə etmişdi. Qərb Ermənistan-Türkiyə sərhədlərinin açılmasının fəal lobbiçiliyini aparır. Ə.Davudoğlunun İrəvan səfəri ilə eyni vaxtda Ermənistan paytaxtında Cənubi Qafqaz ölkələrindəki ABŞ səfirinin toplantısının keçirilməsi də təsadüf deyildi. Aralarında Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstarın da olduğu diplomatlar görüşün detalları ilə bağlı açıqlama verməsələr də, Ankara-İrəvan münasibətlərinin normallaşdırılması perspektivlərinin görüşdə əsas müzakirə mövzularından biri, yaxud birincisi olduğuna şübhə yoxdur. Ermənistanın birmənalı şəkildə "soyqırımı" saydığı 1915-ci il hadisələrinin 100-cü ildönümünün yaxınlaşması ərəfəsində Türkiyəyə diplomatik təzyiq cəhdləri yalnız artacaq. Ankaranın Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişlərə nail olunmadığını gördüyü üçün bu təzyiqləri hansısa yolla azaltmağa çalışdığı istisna deyil. Bəlkə də, Davudoğlunun jurnalistlərə İrəvandan qayıtdıqdan sonra verdiyi açıqlamada qəflətən "1915-ci ildə ermənilərin deportasiyası" haqda danışması bununla bağlıdır. Türkiyəli nazir "deportasiyanın yanlış və insaniyyətlikdən uzaq hərəkət olduğunu" bildirib. Ola bilsin, Ə.Davudoğlu belə fikirlər səsləndirməklə yalnız Qərbi deyil, ölkədəki bəzi dairələri də bir qədər sakitləşdirməyə çalışır. Söhbət, Türkiyə rəhbərliyini rəsmi Ankaranın erməni siyasətinin Bakının maraqlarının başladığı yerdə bitməsində qınayan qüvvələrdən gedir. Hadisələrin gedişi Azərbaycanda özünü necə göstərəcək? Ermənistanla sərhədlərin açılması Türkiyənin daxili işidir və Azərbaycan bu məsələyə qarışmır. Hər halda, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun məsələyə münasibəti belə olub. Amma Bakının da vəziyyətə təsir üçün öz rıçaqları var: Azərbaycanın işğal olunmuş torpaqlarının, heç olmasa, bir hissəsi azad edilməyincə, Ermənistanın regional layihələrə cəlbindən söhbət gedə bilməz. Bu layihələrin təşəbbüskarı olan Azərbaycan buna imkan verməyəcək. Ola bilsin, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dekabrın əvvəlində ATƏT ölkələrinin Nazirlər Şurasının Kiyevdə keçirilən toplantısındakı çıxışında bir bəyanatı məhz bununla bağlıdır. Nazir çıxışında bildirmişdi ki, regional əməkdaşlığın münaqişələrin həlli üçün faydalı olması haqda fikirlər utopiyadan başqa bir şey deyil.
Davudoğlunun İrəvan səfərinin nəticələri isə Ermənistanın qonşularının xoşməramlı jestlərini adekvat qiymətləndirmək iqtidarında olmadığını təsdiqləyib. Davudoğlu məhz bu üzdən İrəvandan əliboş qayıdıb.
Mənbə: Region Plyus