Azərbaycanda əmək müqaviləsi olmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət məsuliyyəti yaradacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə xüsusi olaraq 162-1-ci maddə əlavə olunur. Yeni maddəyə görə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən xeyli sayda işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manata qədər və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər təkrar törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu maddədə “xeyli sayda” dedikdə, 10 və 10-dan çox işçi sayı nəzərdə tutulur. Layihə Milli Məclisin dekabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Mənbə: Milli.Az