Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycana daha bir mötəbər yarış həvalə edib. Apasport.az saytının məlumatına görə, ölkəmizin təşkilatçılıq səviyyəsinə yaxşı bələd olan CEV Bakıda ilk dəfə mötəbər turnirini keçirəcək. Belə ki, beynəlxalq qurum çimərlik voleybolu ilə bağlı 2014-cü il üçün açıqladığı təqvimə 2 yeni yarış salıb. Bununla da “Masters” turnirlərinin sayını 4-ə çatdıran CEV Bakı və Bil-Byenneyə (İsveçrə) etimad göstərib. Digər 2 turnir isə Roma və Novı Sadda olacaq. Paytaxtımızdakı turnir ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına hesablanıb. Çünki bu, Bakı və yığmalarımız üçün test xarakteri daşıyacaq. Kişi və qadın komandaların qatılacağı turnirin startı sentyabrın 10-da veriləcək və 4 gün sonra qaliblər müəyyənləşəcək. Qeyd edək ki, CEV 2014-cü ildə qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nın da Bakıda keçirilməsinə qərar verib.
Mənbə: Milli.Az