Azərbaycanda 10-dan çox işçini əmək müqaviləsiz işlədən şəxslər 7 ilədək həbs oluna bilər. Bununla bağlı Cinayət Məcəlləsinə xüsusi maddə əlavə edilir Azərbaycanda əmək müqaviləsi olmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət məsuliyyəti yaradacaq. Milli.Az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə xüsusi olaraq 162-1-ci maddə əlavə olunur. Yeni maddəyə görə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən xeyli sayda işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manata qədər və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər təkrar törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu maddədə “xeyli sayda” dedikdə, 10 və 10-dan çox işçi sayı nəzərdə tutulur. Layihə Milli Məclisin dekabrın 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Mənbə: Milli.Az