2014/15 mövsümündə ölkələrin avrokuboklardakı təmsilçiliyi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan son illərdə olduğu kimi, qitə miqyaslı turnirlərdə 4 komanda ilə təmsil olunacaq. Onlardan biri Çempionlar Liqası, üçü isə Avropa Liqasında mübarizə aparacaq. Lakin bu dəfə Azərbaycan çempionu ilə yanaşı, ölkə kubokunun qalibi də I təsnifat mərhələsində oynamayacaq. Bunun belə olacağı xeyli əvvəldən gözlənilsə də, artıq dəqiqləşib.
Cari mövsüm Azərbaycan kubokunu başı üzərinə qaldıracaq komanda Avropa Liqasına II təsnifat mərhələsindən qoşulacaq. Buna səbəb ötən mövsümün sonunda – mayda açıqlanan 5 illik reytinqdə 32-ci olmağımızdır.
Ümumilikdə isə yarış iştirakçılarının sayında dəyişiklik olub. UEFA-nın yeni üzvü Cəbəllütariqin hər turnirin I təsnifat mərhələsində 1 yer alması komandaların ümumi sayını 241-ə çatdırıb. Onlardan 78-i qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında çıxış edəcək. I təsnifat mərhələsində 8 ən zəif çempion mübarizə aparacaq. 4 qalibə növbəti raundda 30 komanda qoşulacaq. Topaz Premyer Liqasının çempionu da çıxışına buradan başlayacaq.
17 qalib komandaya III təsnifat mərhələsində daha 3 çempion əlavə olunacaq. Burada çempion olmayan 10 komanda da 5 cütlük təşkil edəcək. Pley-offda 10 çempion öz aralarında, qeyri çempionların 5 qalibi isə bu kateqoriyadan olan daha güclü 5 klubla görüşəcək. Nəticədə 10 xoşbəxt qrupa vəsiqə əldə edəcək. 22 klub isə birbaşa əsas mərhələyə qatılacaq.
Avropa Liqasında isə 163 iştirakçı olacaq. Topaz Premyer Liqasının gümüş və bürünc mükafatçıları (əgər onlar kubok qazanmasa) Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək 80 komanda arasında yer alacaq. Kubokun qalibi isə növbəti raundda rəqibini gözləyən 40 klub sırasında olacaq. III və IV təsnifat mərhələlərinin hərəsində daha 18 komanda mübarizəyə qoşulacaq. Pley-off kimi də adlanan sonuncu mərhələyə Çempionlar Liqasının 15 uğursuzu da qatılacaq. 7 klub isə qrup mərhələsinə birbaşa yüksəlir. Qeyd edək ki, cari mövsümdə Çempionlar Liqasında 76, Avropa Liqasında 161 klub mübarizəyə qoşulub.
Mənbə: Milli.Az